ABŞ Prezidenti Donald Trampın Norveç haqqında işlətdiyi təhqiramiz ifadə gözlənilməz reaksiyaya səbəb olub. Norveçin rəsmi turizm qurumu “Visit Norway” Trampın sözlərinə diplomatik etiraz əvəzinə yumoristik reklam kampaniyası ilə cavab verərək ölkənin ən mənzərəli ictimai tualetlərini nümayiş etdirib.
MSNews.az xəbər verir ki, Donald Tramp oktyabrın 25-də Miçiqan ştatında keçirilən siyasi mitinq zamanı Norveçi kobud ifadə ilə xarakterizə edib.
ABŞ Prezidenti Nobel Sülh Mükafatını ala bilməməsindən narazılığını ifadə edərək Norveçi ingiliscə “shithouse country” adlandırıb. Bu ifadə Azərbaycan dilində təxminən “bərbad ölkə” mənasını verir, lakin orijinalında vulqar məna daşıyır.
Tramp həmçinin Nobel mükafatının ona verilməməsinə görə norveçli mühacirləri ABŞ-də görmək istəmədiyini söyləyib. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Norveçin “Visit Norway” turizm qurumu isə bu açıqlamanı ölkənin turizm potensialını tanıtmaq üçün fürsətə çevirib.
Qurum oktyabrın 29-da “Norway makes shithouses great again!” şüarı ilə kampaniya təqdim edib. Azərbaycan dilinə “Norveç tualetləri yenidən möhtəşəm edir!” kimi çevrilə bilən ifadə Trampın məşhur “Make America Great Again” siyasi şüarına göndərmədir.
“Visit Norway” rəsmi açıqlamasında bildirib ki, Norveç dünyanın ən möhtəşəm mənzərələrinə malik ictimai tualetlərindən bəzilərinə ev sahibliyi edir.

Kampaniyada fiyordların, dağların və dəniz sahillərinin yaxınlığında yerləşən, qeyri-adi memarlıq üslubu ilə seçilən tualetlər nümayiş etdirilib.
Siyahıya Helgeland sahillərində yerləşən Ureddplassen, Ryülke bölgəsindəki qeyri-adi beton tikili Ostasteidn və Senya adasındakı “Qızıl tualet” də daxil edilib. Bu obyektlərin bir qismi beynəlxalq memarlıq mükafatları qazanıb.

“Skift” nəşrinin məlumatına görə, kampaniya qısa müddətdə böyük marağa səbəb olub. Turizm qurumunun müvafiq səhifəsinə baxışlar əvvəlki həftə ilə müqayisədə 540 dəfədən çox artıb.

“Visit Norway” nümayəndəsi Yevgeniya Yeqorova yerli mediaya açıqlamasında insanların bəzən gülməyə ehtiyac duyduğunu bildirib. Onun sözlərinə görə, qurum Trampın təhqirinə mehribanlıq və yumorla cavab verməyə qərar verib.
Qeyd edək ki, Nobel Sülh Mükafatını Norveç hökuməti deyil, müstəqil Norveç Nobel Komitəsi təqdim edir. Ölkənin xarici işlər naziri Espen Bart Eyde də bu məqamı xatırladaraq hökumətin laureatın seçilməsi prosesində iştirak etmədiyini vurğulayıb.