Amerikalı jurnalist Taker Karlson ABŞ Prezidenti Donald Trampın yaxın günlərdə İrana qarşı nüvə silahından istifadə barədə qərar verə biləcəyini iddia edib. Onun sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtona bu istiqamətdə ciddi təzyiq göstərir.
MSNews.az xəbər verir ki, Karlson bu barədə “X” sosial şəbəkəsində geniş açıqlama yayıb. Onun iddiasına əsasən, mümkün hücumun hədəfi İranın mərkəzi hissəsində yerləşən və nüvə proqramı ilə əlaqələndirilən Pikaks dağı adlı yeraltı kompleks ola bilər.
Jurnalist bildirib ki, İsrail kəşfiyyatı İranın həmin ərazidə uranın zənginləşdirilməsini bərpa etdiyini iddia edir. Karlsonun sözlərinə görə, obyekt təxminən 90 metr qalınlığında qranit qatı altında yerləşdiyindən adi silahlarla məhv edilməsi mümkün deyil.
“Netanyahu Trampa bununla bağlı hər gün zəng edir”, – Karlson məlumatlı mənbəyə istinadən iddia edib.
Onun sözlərinə görə, Trampın nüvə silahından istifadə ilə bağlı qərarı noyabrın 7-dək verə biləcəyi ehtimal olunur. Bununla belə, jurnalist ABŞ liderinin hələlik tərəddüd etdiyini bildirib.
Karlsonun iddiasına əsasən, vitse-prezident Cey Di Vens və xüsusi nümayəndə Stiv Uitkoff hərbi eskalasiyanın əvəzinə İranla diplomatik razılaşma əldə olunmasını müdafiə edirlər.
Jurnalist mümkün nüvə hücumunun Fars körfəzində radioaktiv çirklənməyə, su təchizatının pozulmasına və qlobal iqtisadi böhrana səbəb ola biləcəyi barədə də xəbərdarlıq edib.
Bununla belə, Karlsonun nüvə hücumu hazırlığı və Netanyahunun təzyiqləri barədə iddiaları müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Üstəlik, “Reuters” agentliyinin məlumatına görə, Tramp oktyabrın 15-də İrana qarşı nüvə silahından istifadə etməyəcəyini bildirmişdi.
“Nüvə silahından istifadə etməzdim. Buna ehtiyacımız yoxdur”, – ABŞ Prezidenti açıqlamışdı.
“Associated Press” isə ABŞ-nin regiondakı müttəfiqlərinə mümkün yeni hərbi əməliyyatlara hazırlaşmaq barədə xəbərdarlıq etdiyini yazıb. Lakin Trampın yeni zərbələrə dair yekun qərar vermədiyi bildirilir.