Tokayev Rusiyanın Türk Dövlətləri Təşkilatına qoşulmasını təklif etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ankarada keçirilən TDT-nin XIII Zirvə görüşündə Rusiyanın təşkilata müşahidəçi kimi və ya “TDT+” formatında qoşulmasını təklif edib. O, Rusiyanın türk dünyası ilə tarixi və mədəni əlaqələrini vurğulayıb.

78

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətinə cəlb olunmasını təklif edib. O, Moskvanın təşkilatın “TDT+” əməkdaşlıq formatına qoşulmasının və ya müşahidəçi statusu almasının bütün iştirakçı dövlətlərin maraqlarına xidmət edə biləcəyini bildirib.

MSNews.az xəbər verir ki, Tokayev bu təkliflə oktyabrın 30-da Türkiyənin paytaxtı Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının XIII Zirvə görüşündə çıxış edib.

Qazaxıstan Prezidentinin rəsmi saytında yayılan çıxışına əsasən, o, təşkilatın beynəlxalq nüfuzunun artırılması üçün digər dövlətlərlə əməkdaşlığın genişləndirilməsini vacib sayıb.

Tokayev bildirib ki, Rusiya tarixən türk xalqları ilə sıx siyasi, iqtisadi və mədəni əlaqələrə malik olub.

“Rusiya böyük dövlət olaraq əsrlər boyu türk dünyası ilə sıx əlaqələr saxlayıb. Bu ölkənin ərazisində tarixən çoxsaylı türk xalqlarının nümayəndələri yaşayıblar. Rus dilində türk mənşəli xeyli söz var”, – deyə Qazaxıstan Prezidenti vurğulayıb.

Tokayev həmçinin Rusiyanın irəli sürdüyü “Altay – türk sivilizasiyasının beşiyi” layihəsini xatırladaraq Qazaxıstanın bu təşəbbüsü dəstəklədiyini bildirib.

Onun fikrincə, bu tarixi və mədəni bağlılıqlar Rusiya ilə TDT arasında əməkdaşlıq üçün əlavə imkanlar yaradır.

Qazaxıstan lideri Rusiyanın təşkilatla əməkdaşlığının mümkün formalarını da açıqlayıb.

“Təşkilatımızın nüfuzunu artırmaq məqsədilə Rusiyanın niyyətinə müsbət yanaşmaq və onu bu formata qoşulmağa, yaxud TDT-nin fəaliyyətində müşahidəçi kimi iştirak etməyə dəvət etmək düzgün və ədalətli qərar olardı”, – deyə Tokayev bildirib.

O əlavə edib ki, Rusiyanın təşkilatın fəaliyyətinə cəlb edilməsi bütün iştirakçı dövlətlərə fayda verə bilər.

Tokayevin təklifində əsas diqqət tamhüquqlu üzvlükdən daha çox “TDT+” formatına və müşahidəçi statusuna yönəlib. Rusiyanın təşkilata qəbul edilməsi barədə qərar açıqlanmayıb.

Qazaxıstan Prezidenti çıxışında Türk Dövlətləri Təşkilatının gələcək inkişafına da toxunub. O, təşkilatın siyasi, iqtisadi və mədəni əməkdaşlıq platforması kimi fəaliyyət göstərməsinin əhəmiyyətini qeyd edib. Tokayev daha əvvəl səsləndirdiyi mövqeyini təkrarlayaraq TDT-nin hərbi ittifaqa çevrilməməli olduğunu vurğulayıb.

“Bu, Qazaxıstanın mövqeyidir”, – deyə dövlət başçısı bildirib.

Tokayev sammitdə Azərbaycanla bağlı da fikirlərini bölüşüb. O, Azərbaycanın son bir il ərzində TDT-yə sədrliyinin təşkilatın beynəlxalq nüfuzunun artırılmasına əhəmiyyətli töhfə verdiyini bildirib və Azərbaycan tərəfinə təşəkkür edib.

Ankara sammiti ilə TDT-yə sədrlik Azərbaycandan Türkiyəyə keçib. Zirvə görüşünün yekununda Ankara Bəyannaməsi qəbul olunub.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti