SOCAR ABŞ-da 1,65 milyard dollarlıq qaz aktivləri alır

SOCAR ABŞ-nin “Comstock Resources” şirkəti ilə 1,65 milyard dollarlıq alqı-satqı müqaviləsi imzalayıb. Saziş Azərbaycan şirkətinə Texas və Luizianadakı təbii qaz yataqlarında iştirak payları əldə etmək imkanı verəcək.

54

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABŞ-nin “Comstock Resources” şirkəti ilə 1,65 milyard dollar dəyərində yekun alqı-satqı müqaviləsi imzalayıb. Razılaşma SOCAR-ın ABŞ-nin təbii qaz hasilatı sektorundakı iştirakını əhəmiyyətli dərəcədə genişləndirəcək.

MSNews.az xəbər verir ki, müqavilə noyabrın 4-də imzalanıb. Bu barədə SOCAR-ın rəsmi saytında və “Comstock Resources” şirkətinin açıqlamasında məlumat verilib.

Razılaşmaya əsasən, SOCAR ABŞ-nin Luiziana və Texas ştatlarında yerləşən “Legacy Haynesville” layihəsində 20%, “Western Haynesville” layihəsində isə 15% iştirak payı əldə edəcək. Bundan əlavə, şirkət “Comstock”un “Pinnacle Gas Services” müəssisəsindəki payının 15 faizini alacaq.

Layihələrin əməliyyat idarəçiliyi “Comstock Resources” şirkətində qalacaq. SOCAR-ın “Western Haynesville” layihəsindəki payı beş ildən sonra və investisiyadan 15 faiz gəlirlilik əldə edildikdə 7,5 faizə enəcək.

Sazişin əsas məqsədlərindən biri ABŞ-da təbii qaz hasilatı sahəsində əməkdaşlığın genişləndirilməsi və qazın beynəlxalq bazarlara, o cümlədən mayeləşdirilmiş təbii qaz (LNG) şəklində ixracı üçün yeni imkanların yaradılmasıdır.

Müqavilənin 2026-cı ilin sonunadək yekunlaşdırılması gözlənilir. Bunun üçün müvafiq dövlət qurumlarının razılığı və digər hüquqi prosedurların tamamlanması tələb olunur.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti