İsrailin maliyyə naziri və “Dini sionizm” partiyasının lideri Betsalel Smotriç Oslo razılaşmalarının artıq qüvvədə olmadığını iddia edərək işğal altındakı İordan çayının qərb sahilində yerləşən A və B zonalarının da İsrailə məxsus olduğunu bildirib. O, bu məsələdə mövqeyinin Baş nazir Benyamin Netanyahunun mövqeyi ilə üst-üstə düşmədiyini etiraf edib.
MSNews.az xəbər verir ki, Smotriç bu fikirləri sentyabrın 6-da Qüdsdə keçirilən konfransda səsləndirib. “Anadolu Agentliyi” onun sözlərini belə təqdim edir:
“Hər halda, Oslo artıq qüvvədə deyil. Hər halda, “A” və “B” zonaları da bizimdir.”
Smotriç ardınca bunun Netanyahu ilə aralarındakı fikir ayrılıqlarından biri olduğunu bildirib.
Nazirin bəyanatı Netanyahunun işğal altındakı İordan çayının qərb sahilində hökumətin icazəsi olmadan yaradılmış bəzi İsrail forpostlarının sökülməsi barədə göstəriş verdiyinə dair xəbərlər fonunda səsləndirilib. “Reuters” iki mənbəyə istinadən Baş nazirin belə bir göstəriş verdiyini yazıb. Smotriç isə, öz məlumatına görə, göstərişin “A” və “B” zonalarında salınmış obyektlərə də aid olduğunu deyərək qərarı bəyənmədiyini bildirib. Netanyahunun ofisi həmin vaxt məsələni şərh etməyib.
Smotriç çıxışında Fələstin Administrasiyasının da ləğv edilməsini tələb edib. O, administrasiyanı “terrorçu struktur” adlandıraraq onu İsrailə qarşı hücumları təşviq və maliyyələşdirməkdə ittiham edib.
Nazir daha sonra İordan çayının qərb sahilində genişmiqyaslı hərbi qarşıdurmanın qaçılmaz olduğunu iddia edib:
“Yaxın gələcəkdə Yəhudeya və Samariyada müharibədən qaçmaq mümkün olmayacaq və bu müharibədə Yəhudeya və Samariyadakı bütün ərəbləri tərksilah edəcəyik.”
Smotriç burada İordan çayının qərb sahili üçün İsrail sağında geniş istifadə olunan Bibliya mənşəli “Yəhudeya və Samariya” ifadəsini işlədib. O, bölgədə İsrail təhlükəsizlik strukturlarının qəbul etdiyindən daha çox silah olduğunu da iddia edib.
Smotriç eyni zamanda “C” zonasında İsrail hökumətinin son illərdə həyata keçirdiyi tədbirləri — yaşayış məntəqələri və fermaların genişləndirilməsini, yolların tikilməsini, torpaqların dövlət mülkiyyəti elan edilməsini və minlərlə yeni mənzilin təsdiqlənməsini — siyasi nailiyyət kimi təqdim edib.