ABŞ İranla müharibəni “Ağır çəkic əməliyyatı” adı ilə bərpa edə bilər

"NBC New"s-un məlumatına görə, ABŞ administrasiyası İranla atəşkəs pozularsa, “Epik Qəzəb əməliyyatı” kampaniyasını “Ağır çəkic əməliyyatı” adı ilə əvəz etməyi nəzərdən keçirir.

ABŞ administrasiyasının İranla hərbi əməliyyatlar yenidən genişmiqyaslı mərhələyə keçərsə, kampaniyanı yeni kod adı altında davam etdirməyi nəzərdən keçirdiyi bildirilir.

“NBC News” iki amerikalı rəsmiyə istinadən yazır ki, hazırkı atəşkəs pozularsa və Prezident Donald Tramp İranla böyük döyüş əməliyyatlarını bərpa etmək qərarı verərsə, əməliyyatın adı “Operation Sledgehammer” — “Ağır çəkic əməliyyatı” ola bilər.

Məlumata görə, Vaşinqtonda hazırda “Epik Qəzəb əməliyyatı” adının “Ağır çəkic əməliyyatı” ilə əvəzlənməsi müzakirə olunur. Bu müzakirələr ABŞ administrasiyasının İranla müharibənin yenidən alovlanması ehtimalını ciddi şəkildə nəzərdən keçirdiyini göstərir. Hələlik bu ad dəyişikliyi rəsmi şəkildə elan edilməyib və qərarın yalnız atəşkəsin tam pozulacağı halda qüvvəyə minə biləcəyi bildirilir.

“NBC”-nin məlumatına görə, mümkün ad dəyişikliyinin yalnız hərbi deyil, həm də hüquqi-siyasi əhəmiyyəti ola bilər. ABŞ-da “War Powers Resolution” prezidentə Konqresin ayrıca icazəsi olmadan hərbi əməliyyatları məhdud müddətə aparmağa imkan verir, lakin qanun bu cür əməliyyatların 60 gün ərzində dayandırılmasını və ya Konqres tərəfindən təsdiqlənməsini tələb edir. ABŞ qanunvericiliyinə əsasən, bu müddət yalnız müəyyən şərtlərlə əlavə 30 gün uzadıla bilər.

Bu səbəbdən “Ağır çəkic əməliyyatı” adı altında yeni mərhələyə keçid Tramp administrasiyasına 60 günlük müddətin yenidən başladığını iddia etmək üçün əsas yarada bilər. “Associated Press” daha əvvəl yazmışdı ki, Tramp administrasiyası İranla hərbi əməliyyatların atəşkəsdən sonra “başa çatdığını” bəyan edərək, 60 günlük müddətin tətbiqini dayandırılmış hesab edib. Bu mövqe isə Konqresdə və hüquq ekspertləri arasında mübahisələrə səbəb olub.

Məlumatlar ABŞ-İran danışıqlarının qeyri-müəyyən davam etdiyi, Hörmüz boğazı ətrafında gərginliyin və regionda hərbi risklərin yüksək qaldığı bir vaxtda yayılıb. Ekspertlər hesab edirlər ki, əməliyyatın adının dəyişdirilməsi həm administrasiyanın eskalasiyaya hazırlaşdığını göstərən siyasi siqnal, həm də Konqresin müharibə səlahiyyətləri üzərində nəzarətini məhdudlaşdırmaq cəhdi kimi qiymətləndirilə bilər.