İsrail Əsaluyədə neft-kimya obyektinə zərbə endirdi

İsrail Əsaluyədəki Cənubi Pars petrokimya obyektinə zərbə endirdiyini açıqlayıb. İran mediası isə əsas zavodun deyil, kommunal təminat obyektlərinin vurulduğunu bildirir. 

37

İsrail aprelin 6-da İranın Əsaluyə şəhərində yerləşən Cənubi Pars neft-kimya obyektinə zərbə endirdiyini bəyan edib. “Reuters“-in məlumatına görə, hücumdan sonra ərazidə bir neçə partlayış qeydə alınıb. İsrailin müdafiə naziri İsrael Kats zərbəni “İrana ciddi iqtisadi zərbə” kimi təqdim edib. 

Katsın sözlərinə görə, hədəf alınan obyekt İranın ən böyük neft-kimya müəssisəsidir və ölkənin neft-kimya istehsalının təxminən 50 faizinə cavabdehdir. Lakin İranın “Tasnim” agentliyi tamamilə fərqli mənzərə təqdim edib: agentliyin məlumatına əsasən, Əsaluyədə elektrik, su və oksigen təmin edən şirkətlər vurulub, amma Pars Neft-Kimya Şirkətinin özünün zədələnmədiyi, buna baxmayaraq bütün neft-kimya bölmələrində elektrik təchizatının kəsildiyi bildirilib. Bu səbəbdən obyektin “yerlə-yeksan edilməsi” və ya “tam sıradan çıxması” barədə iddia hələlik müstəqil şəkildə təsdiqlənməyib.

Associated Press“-in yazdığına görə, zərbə İranın əsas gəlir mənbələrindən birinə yönəlib. Cənubi Pars Qətərlə birgə bölüşülən nəhəng qaz yatağıdır və dünyanın ən böyük qaz yatağı hesab olunur. Hücum həm də Vaşinqtonun Hörmüz boğazının açılması ilə bağlı təzyiqlərinin və ABŞ-İran arasında mümkün atəşkəs müzakirələrinin davam etdiyi bir vaxta təsadüf edib.

Başqa sözlə, hazırda təsdiqlənən hissə İsrailin Cənubi Pars xəttindəki mühüm neft-kimya obyektinə zərbə endirməsidir. Amma “İranın bu sahə üzrə istehsalının yarısı birdəfəlik məhv oldu”, “iki kompleks tamamilə sıradan çıxarıldı” və “ixracın 85 faizi itirildi” kimi daha sərt iddialar hələ təsdiqlənmiş fakt kimi təqdim olunmur.