İspaniyanın “Andorra” klubunun qapıçısı Xesus Ovono matç zamanı toqquşduğu “Tenerife”nin hücumçusu Xesus de Migelin ölümündən sonra ağır psixoloji sarsıntı keçirir. Futbolçunun yaxınlarının ona daim dəstək göstərdiyi bildirilir.
MSNews.az xəbər verir ki, noyabrın 2-də İspaniya Sequndasında keçirilən “Tenerife” – “Andorra” qarşılaşmasında iki futbolçu arasında ağır toqquşma baş verib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən de Migel noyabrın 3-də həyatını itirib.
İspaniyanın “Marca” nəşrinə istinadən yayılan məlumatda Ovononun evə qayıtdıqdan sonra demək olar ki, mənzilindən çıxmadığı, tez-tez ağladığı və anasının daim yanında olduğu iddia edilir. Bu şəxsi detalları müstəqil mənbələrdən təsdiqləmək mümkün olmayıb.
25 yaşlı qapıçı klubunun yaydığı açıqlamada yaşadıqlarını həyatının ən çətin günləri adlandırıb.
“Xesusun itkisinə görə böyük ağrı hiss edirəm. Onu, ailəsini və onu sevən hər kəsi düşünürəm”, – deyə Ovono bildirib.
“Andorra”nın sahibi, “Barselona”nın sabiq müdafiəçisi Jerar Pike də faciədən sonra başsağlığı verib və xəstəxanaya gedib. Onun qapıçıya şəxsən dəstək olduğu bildirilir.
Ovono noyabrın 12 və 16-da Ekvatorial Qvineya millisinin Zimbabveyə qarşı keçirəcəyi oyunlarda iştirak etməyəcək. Milli komandanın baş məşqçisi qapıçının klubunda qalmaq üçün icazə istədiyini açıqlayıb.