Qazax Gənclər Evində “Məktəblilər arasında intellektual yarış” layihəsinin ikinci yarımfinal mərhələsi keçirilib. Dörd komandanın mübarizə apardığı yarışın nəticələrinə əsasən, Ağstafa rayonunu təmsil edən “Viktoriya” və “Dağkəsəmən-2” komandaları finala vəsiqə qazanıblar.
MSNews.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.
İkinci yarımfinalda Ağstafa rayon Həsənsu kənd A. Mustafayev adına tam orta məktəbin “Viktoriya”, Qazax rayon Ağköynək kənd Ş. Çobanov adına tam orta məktəbin “Yupiter”, Qazax rayon Kosalar kənd İ. Şıxlı adına tam orta məktəbin “Viktoriya” və Ağstafa rayon Dağkəsəmən kənd İ. Salıfov adına 2 saylı tam orta məktəbin “Dağkəsəmən-2” komandaları iştirak ediblər.
Suallara ən çox düzgün cavab verən Həsənsu kənd məktəbinin “Viktoriya” və Dağkəsəmən kənd məktəbinin “Dağkəsəmən-2” komandaları növbəti finalçılar olublar. Final qarşılaşması sentyabrın 24-də keçiriləcək.
Avqustun 1-də başlayan layihə sentyabrın 30-da yekunlaşacaq. Layihənin tərəfdaşları “Qazax Gənclər Evi” sosial xidmət müəssisəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyidir.














