Rusiya Prezidenti Vladimir Putinin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai ilə Kremldə görüşdüyü gün Rusiya Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlarına İrana səfər etməmək barədə xəbərdarlıq edib. Moskva bunu regionda yeni hərbi eskalasiya təhlükəsinin qalması ilə əsaslandırıb.
MSNews.az xəbər verir ki, noyabrın 5-də baş tutan görüşü Kremlin sözçüsü Dmitri Peskov təsdiqləyib. Lakin tərəflər arasında aparılan danışıqların məzmunu barədə ətraflı məlumat açıqlanmayıb.
İran mediasının məlumatına görə, Möhsün Rzai ölkənin ali rəhbəri Müctəba Xameneinin mesajını Vladimir Putinə çatdırıb. Mesajın məzmunu açıqlanmayıb.
Həmin gün Rusiya XİN-in sözçüsü Mariya Zaxarova İrandakı təhlükəsizlik vəziyyəti ilə bağlı xəbərdarlıq edib.
“İran ətrafında yeni eskalasiya riskləri davam etdiyi üçün vətəndaşlarımıza vəziyyət sabitləşənədək bu ölkəyə səfərlərdən müvəqqəti çəkinməyi tövsiyə edirik”, – deyə Zaxarova bildirib.
O, hazırda İranda olan Rusiya vətəndaşlarını kütləvi tədbirlərdən, hərbi və hökumət obyektlərinin yaxınlığından uzaq durmağa çağırıb. Həmçinin strateji infrastrukturun foto və videoçəkilişinin aparılmaması tövsiyə edilib.
“Kommersant” nəşrinin məlumatına görə, Putin və Rezai noyabrın 2-də telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti və iki ölkə arasında strateji əməkdaşlığı müzakirə ediblər.
Qeyd edək ki, Rusiya XİN-in xəbərdarlığı yeni tətbiq edilən səyahət qadağası deyil, əvvəldən qüvvədə olan təhlükəsizlik tövsiyəsinin təkrarıdır. Həmçinin xəbərdarlığın birbaşa Putin–Rzai görüşünün nəticəsi olduğuna dair rəsmi məlumat yoxdur.