Rumıniyanın Konstansa limanında dəniz dronu partladı

Rumıniyanın Konstansa limanında dəniz dronu partlayıb. Müdafiə Nazirliyi aparatın Rumıniya ordusuna məxsus olmadığını və Ukrayna müharibəsində istifadə olunan dron tipinə bənzədiyini açıqlayıb.

14

Rumıniyanın Qara dəniz sahilində yerləşən Konstansa limanında dəniz dronu partlayıb.

MSNews.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına görə, pilotsuz dəniz aparatı iyunun 5-də səhər saatlarında Konstansa mülki limanında, Rumıniya Dənizdə İnsan Həyatının Xilasetmə Agentliyinin binası yaxınlığında aşkarlanıb və yerli vaxtla saat 10:30 radələrində öz-özünə partlayıb.

Rumıniya Müdafiə Nazirliyi hadisə nəticəsində ölən və yaralanan olmadığını bildirib. Açıqlamada qeyd olunub ki, partlayışdan əvvəl ərazi Rumıniya Kəşfiyyat Xidməti, Sahil Mühafizəsi və Müdafiə Nazirliyinin qüvvələri tərəfindən mühafizəyə götürülüb və obyektin təhlükəsizləşdirilməsi üzrə tədbirlər aparılıb.

Nazirlik dəniz dronunun Rumıniya ordusunun silahlanmasında olmadığını və Qara dənizdə keçirilən son hərbi təlimlərlə əlaqəsinin bulunmadığını açıqlayıb. Rəsmi Buxarest aparatın “Ukraynadakı müharibədə istifadə olunan dronlar tipində” olduğunu bildirib. Hadisə ilə bağlı araşdırmanı Konstansa Apellyasiya Məhkəməsi yanında Prokurorluq aparır.

Reuters”in məlumatına görə, dron Konstansa limanındakı neft terminalından təxminən 500 metr məsafədə partlayıb. Agentlik yazır ki, Ukrayna Hərbi Dəniz Qüvvələri dronlardan birinə Qara dənizdə nəzarəti itirdiyini və bunun Rusiyanın elektron müharibə vasitələri ilə əlaqəli olduğunu bildirib. Ukrayna tərəfi mümkün itkilərin qarşısını almaq üçün Rumıniya rəsmilərini əvvəlcədən xəbərdar etdiyini açıqlayıb.

Rumıniya Prezidenti Nikuşor Dan hadisəni Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin region üçün yaratdığı təhlükələrin nəticəsi kimi qiymətləndirib. “Associated Press”-in məlumatına görə, Rumıniya hökuməti Ukrayna tərəfinin ümumilikdə dörd dəniz dronuna nəzarəti itirdiyini təsdiqlədiyini bildirib. Onlardan biri Konstansa limanında, digər üçü isə limandan kənarda partlayıb.

Hadisədən sonra liman ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib. “Reuters” yazır ki, ehtiyat tədbiri olaraq liman ərazisi boşaldılıb, Qara dəniz sahillərində və Dunay deltası yaxınlığında mindən çox insan təxliyə edilib. Gəmilər və helikopterlər əlavə dronların olub-olmadığını yoxlamaq üçün ərazidə müşahidə aparıblar. Daha sonra yeni risk aşkarlanmadığı üçün məhdudiyyətlər ləğv edilib.

Al Jazeera” yazır ki, hadisə Rusiya-Ukrayna müharibəsinin NATO üzvü olan Rumıniya ərazisinə təhlükəsizlik təsirlərini yenidən gündəmə gətirib. Qara dənizdə mina və pilotsuz aparat təhlükəsi son illərdə region ölkələri üçün ciddi risk mənbəyinə çevrilib.

Rusiya tərəfi isə hadisədə iştirakını inkar edib. “AP”nin məlumatına görə, Rusiyanın Buxarestdəki səfirliyi dronların Ukraynaya məxsus olduğunu bildirib və məsuliyyətin Moskva ilə əlaqələndirilməsinə etiraz edib.

Hazırda liman infrastrukturuna dəyən mümkün ziyanın həcmi barədə rəsmi yekun məlumat açıqlanmayıb. Rumıniya Müdafiə Nazirliyi vəziyyətin dinamik olduğunu və yeni rəsmi məlumatlar olduqca ictimaiyyətə təqdim ediləcəyini bildirib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.