Pərviz Əliyev: “Pekin Netanyahu sonrası İsraildə nə istəyir?”

Siyasi araşdırmaçı Pərviz Əliyev Çinin İsrail seçkilərinə yanaşmasını, Netanyahu dövründə pisləşən münasibətləri və Pekinin Yaxın Şərqdə iqtisadi-siyasi maraqlarını təhlil edib.

107

İsraildə keçirilən seçkilər yalnız ölkənin daxili siyasi balansı baxımından deyil, ABŞ, Çin və digər böyük güclərin Yaxın Şərq strategiyası üçün də əhəmiyyət daşıyır. Siyasi araşdırmaçı, Çin üzrə mütəxəssis Pərviz Əliyev hesab edir ki, Pekin seçkinin nəticələrinə ideoloji deyil, ilk növbədə iqtisadi və geosiyasi maraqları prizmasından yanaşır.

Çinin rəsmi mövqeyi seçkilərdə konkret namizəd və ya partiyanın dəstəklənməsi deyil. Pekin ənənəvi olaraq digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsipini vurğulayır. Lakin Əliyevin fikrincə, Çin analitik dairələri üçün əsas sual İsraildə kimin qalib gəlməsindən çox, yeni hökumətin regiondakı gərginliyi hansı səviyyədə saxlayacağıdır.

“Çin üçün əsas məsələ Netanyahu və ya başqa bir şəxsin siyasi taleyi deyil. Pekin İsraildə sabit, proqnozlaşdırılan və Çinlə münasibətləri ABŞ-Çin qarşıdurmasının bir hissəsinə çevirməyən hökumət görmək istəyir”.

Netanyahu dövründə münasibətlər niyə dəyişdi?

Çin və İsrail münasibətləri uzun müddət iqtisadi və texnoloji əməkdaşlıq üzərində inkişaf edib. Netanyahu 2017-ci ildə Pekinə səfəri zamanı Çinlə münasibətləri hətta “göydə bağlanmış nikah” kimi xarakterizə etmişdi. Çin şirkətləri İsrailin liman, nəqliyyat və digər iri infrastruktur layihələrində iştirak edib. Hayfa Bay Portunun fəaliyyətini də Çin dövlət şirkətinə məxsus operator həyata keçirir.

Lakin 7 oktyabr 2023-cü ildən sonra münasibətlərdə ciddi siyasi soyuqluq yaranıb. Çin Fələstin məsələsində İsrail hökumətini daha açıq tənqid etməyə başlayıb, iki dövlətli həlli müdafiə edib və Qəzzada atəşkəs çağırışlarını gücləndirib.

Netanyahu isə daha sonra Çini İsrailə qarşı informasiya kampaniyasında ittiham edib. 2025-ci ilin sentyabrında o, Çin və Qətərin sosial şəbəkələrdə İsrailin legitimliyinə qarşı fəaliyyət göstərdiyini iddia edib. Çinin İsraildəki səfirliyi bu ittihamları rədd edib.

Əliyev bunu münasibətlərdə dönüş nöqtələrindən biri hesab edir:

“Netanyahu əvvəllər Çin kapitalına və texnoloji əməkdaşlığa kifayət qədər açıq siyasət yürüdürdü. Son illərdə isə Çin-ABŞ rəqabətində İsrail Vaşinqtonun təhlükəsizlik yanaşmasına daha çox yaxınlaşdı və Pekinlə siyasi qarşıdurma dərinləşdi”.

ABŞ da uzun müddətdir İsraili Çin sərmayələri, xüsusilə kritik infrastruktur və yüksək texnologiya sahəsində əməkdaşlıqla bağlı daha sərt nəzarət tətbiq etməyə çağırır. İsrail son illərdə xarici investisiyaların yoxlanılması mexanizmlərini genişləndirib.

Pekin üçün daha praqmatik hökumət nə dəyişər?

Pərviz Əliyevin fikrincə, Netanyahudan sonra daha mərkəzçi və ya hərbi isteblişmentə yaxın hökumətin yaranması İsrail-ABŞ strateji ittifaqını dəyişdirməyəcək.

“Pekində heç kim İsrailin ABŞ-dan qopub Çin düşərgəsinə keçəcəyini gözləmir. Belə bir ssenari real deyil. Çin üçün daha vacib olan İsrail hökumətinin Pekinlə münasibətləri ideoloji qarşıdurmaya çevirməməsi və iqtisadi əlaqələr üçün proqnozlaşdırılan mühit yaratmasıdır”.

Bu baxımdan, mümkün Netanyahu sonrası hökumət Pekinə iqtisadi münasibətləri bərpa etmək və regional diplomatiyada daha geniş manevr etmək üçün əlavə imkan yarada bilər.

Çinin xarici siyasətində isə son dövrdə Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturasının yaradılması, İran və Körfəz ölkələri arasında dialoq, Fələstin məsələsində iki dövlətli həll və regional münaqişələrin diplomatik yolla həlli tezisləri xüsusi yer tutur.

Qırmızı dəniz və “Bir kəmər, bir yol” faktoru

Əliyevin fikrincə, Pekinin əsas narahatlıqlarından biri İsrail-İran və Qəzza münaqişələrinin Çin ticarət marşrutlarına təsiridir.

“Çin üçün Qırmızı dəniz, Bab əl-Məndəb, Hörmüz boğazı və Şərqi Aralıq dənizi sadəcə siyasi xəritədə nöqtələr deyil. Bunlar Çin iqtisadiyyatını Avropa və Yaxın Şərq bazarlarına bağlayan həyati logistika xətləridir”.

Çin XİN də son aylarda Qırmızı dəniz, Hörmüz boğazı və digər əsas dəniz marşrutlarının təhlükəsizliyini sənaye və təchizat zəncirlərinin sabitliyi üçün strateji məsələ kimi dəfələrlə vurğulayıb.

Bu səbəbdən Əliyev hesab edir ki, Pekinin İsrail siyasətində əsas marağı regional eskalasiyanı azaltmaqdır:

“Netanyahunun getməsi Çinə İsraili öz düşərgəsinə çəkmək üçün lazım deyil. Pekin üçün əsas məsələ İran, Körfəz, Qırmızı dəniz və Şərqi Aralıq boyunca böyük iqtisadi maraqlarını təhlükə altında qoyan davamlı hərbi eskalasiyanın zəifləməsidir”.

Onun fikrincə, İsraildə hakimiyyət dəyişikliyi baş verərsə, Pekin bunu ilk növbədə Çin-İsrail iqtisadi əlaqələrinin yenidən normallaşdırılması, regional gərginliyin azaldılması və Çinin Yaxın Şərqdə vasitəçi rolunun genişləndirilməsi üçün yeni imkan kimi qiymətləndirə bilər.

“Pekinin baxışında əsas məsələ İsrailin kimin tərəfində olması deyil. Əsas məsələ Çinin regiondakı ticarət, investisiya və siyasi manevr imkanlarının qorunmasıdır. Çin İsrail seçkilərinə də məhz bu praqmatik məntiqlə baxır”.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti