Çində minlərlə məşəl alovlandı: Ənənəvi festival keçirilib

Çinin Yunnan əyalətində ənənəvi Məşəllər Festivalı keçirilib. Minlərlə insan məşəllərlə küçələrə çıxıb, tonqallar ətrafında milli rəqslər və qədim mərasimlər təşkil olunub.

57

Çinin cənub-qərbində yerləşən Yunnan əyalətində əsrlərdir davam edən ənənəvi Məşəllər Festivalı geniş tədbirlərlə qeyd olunub. Minlərlə yerli sakin və turist yanan məşəllərlə küçələrə çıxıb, böyük tonqallar ətrafında toplaşaraq ənənəvi mahnı və rəqslər ifa ediblər.

MSNews.az xəbər verir ki, “Yunnan Net” festival tədbirlərinin Çusion, Kunmin, Dali, Litszyan və Yunnanın digər bölgələrində keçirildiyini bildirib. Avqustun 6-da Çusion şəhərində əsas mərasim zamanı minlərlə məşəl ardıcıl yandırılıb, iştirakçılar tonqalların ətrafında ənənəvi “sol ayaq rəqsi”ni ifa ediblər.

Kunminə bağlı Şilin Yi Muxtar Rayonunda festival avqustun 5-də başlayıb. Burada milli musiqi və rəqs proqramları, məşəl yürüşləri, ənənəvi güləş yarışları və kütləvi rəqslər təşkil olunub. Axşam saatlarında şəhərin müxtəlif nöqtələrində tonqallar yandırılıb və sakinlərlə turistlər birlikdə şənliklərə qatılıblar.

Məşəllər Festivalı əsasən Yi xalqı ilə əlaqələndirilsə də, Yunnanda Bai, Nasi və Hani kimi digər etnik qruplar tərəfindən də qeyd olunur. Ənənəvi olaraq festival Çin ay təqviminin altıncı ayının 24-cü günü ətrafında keçirilir və Çinin milli qeyri-maddi mədəni irs nümunələrindən biri hesab olunur.

Od festivalın əsas rəmzidir. “Xinhua” qeyd edir ki, qədim ənənədə məşəllərin yandırılması şərdən və bəladan qorunmaq, firavanlıq və bol məhsul arzulamaq mənası daşıyır. Müasir dövrdə isə festival qədim mərasimlərlə yanaşı, Yunnanın ən böyük mədəniyyət və turizm tədbirlərindən birinə çevrilib.