Paraqvay Prezidenti Santyaqo Penya istefa verdi

Paraqvay Prezidenti Santyaqo Penya “Ueno Bank”ın iflası və artan siyasi təzyiqlər fonunda istefa verdiyini açıqlayıb. O, xalqdan üzr istəyərək qərarını ölkədə sabitliyin qorunması ilə əsaslandırıb.

45

Paraqvay Prezidenti Santyaqo Penya (Santiago Peña) ölkənin ən böyük rəqəmsal banklarından biri olan “Ueno Bank” ətrafında yaranmış maliyyə qalmaqalı və siyasi təzyiqlər fonunda istefa verdiyini açıqlayıb.

MSNews.az xəbər verir ki, Penya noyabrın 5-də sosial şəbəkələrdə yayımladığı videomüraciətdə qərarını ölkədə sabitliyin və demokratik institutların qorunması ilə əsaslandırıb.

Bu barədə “Reuters” və “EFE” agentlikləri məlumat yayıb.

“Respublika Prezidenti vəzifəsindən istefa vermək qərarına gəldim. Bunu ölkəmizin sabitliyini, ictimai sülhü və demokratik institutlarımızı qorumaq üçün edirəm”, – deyə Penya bildirib.

Prezident xalqa müraciətində üzr də istəyib: “Əgər nə vaxtsa uğursuz olmuşamsa, xalqımdan üzr istəyirəm. Mənə göstərilən etimadı doğrultmamaq heç vaxt niyyətim olmayıb”.

Siyasi böhran təxminən üç milyon müştərisi olan “Ueno Bank”ın fəaliyyətinə müdaxilə edilməsindən sonra başlayıb. Bankın müştəriləri hesablarındakı vəsaitlərə çıxış imkanını itiriblər. Penyanın bankın əvvəlki sahibi ilə biznes əlaqələri də ictimai müzakirələrə səbəb olub.

Qalmaqal fonunda Paraqvay Mərkəzi Bankının rəhbəri istefa verib, bankla əlaqəli səkkiz nəfər saxlanılıb. Müxalifət isə prezidentə qarşı impiçment prosedurunun başlanmasını tələb edib.

Penyanın istefasından sonra prezident səlahiyyətlərinin vitse-prezident Pedro Alyanaya keçməsi gözlənilir.

 

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti