Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes ABŞ-la əldə olunan yeni enerji razılaşmasının 25 il müddətində qüvvədə qalacağını və ilkin mərhələdə ölkənin neft hasilatını gündə 1,5 milyon bareldən yuxarı qaldırmağı hədəflədiyini açıqlayıb.
MSNews.az xəbər verir ki, “Reuters” məqaləsində Rodriqesin dövlət televiziyası VTV-də çıxışı zamanı sazişi “tarixi” adlandırdığını yazır. Razılaşma çərçivəsində 17 strateji neft yatağının işlənməsi nəzərdə tutulur.
Rodriqes bildirib ki, gündəlik 1,5 milyon barellik hasilat yalnız ilkin hədəfdir. Daha geniş proqram çərçivəsində əlavə 8 yeni neft blokunun da işlənməsi planlaşdırılır. Hazırda Venesuela gündə təxminən 1,25 milyon barel neft hasil edir. Ölkə dünyanın ən böyük təsdiqlənmiş neft ehtiyatlarına sahib olsa da, uzun illər davam edən investisiya çatışmazlığı, idarəetmə problemləri və sanksiyalar hasilatı potensialından xeyli aşağı salıb.
ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Vaşinqtonun özəl şirkətlərlə tərəfdaşlıq vasitəsilə Venesuelanın 65 milyard bareldən çox təsdiqlənmiş neft ehtiyatı üzərində əksəriyyət nəzarəti əldə etdiyini bildirmişdi. O, sazişin ABŞ-a əlavə neft mənbəyi yaradacağını və yanacağın qiymətini aşağı salmağa kömək edə biləcəyini deyib.
Karakas isə neft ehtiyatlarının ABŞ-a verilməsi kimi şərhləri qəbul etmir. Rodriqes vurğulayıb ki, Venesuela öz təbii sərvətləri üzərində “mülkiyyət və suverenliyini” qoruyacaq, xarici kapital, texnologiya və əməliyyat təcrübəsi isə neft sənayesinin bərpasına yönəldiləcək.
Venesuela hökumətinin hesablamasına görə, saziş neftin bir barelinin qiymətinin 65 dollar olması ssenarisində dövlətə təxminən 209 milyard dollar gəlir gətirə bilər. Rodriqes bildirib ki, razılaşma çərçivəsində hasil edilərək satılan hər bareldən təxminən 19 dollar birbaşa Venesuelaya çatacaq. Bu hesablamalar neftin gələcək bazar qiymətindən asılı olaraq dəyişə bilər.
Razılaşmanın kommersiya hissəsinin yaxın günlərdə daha da konkretləşməsi gözlənilir. “Reuters”in məlumatına görə, Venesuela bir sıra ABŞ və digər xarici şirkətlərlə yeni kəşfiyyat və hasilat müqavilələri imzalamağa hazırlaşır. “Chevron”un da mövcud Venesuela layihələrini yeni enerji çərçivəsinə keçirmək və fəaliyyətini genişləndirmək üçün danışıqları yekunlaşdıran şirkətlər arasında olduğu bildirilir.