İranın cənubunda partlayışlar, Küveytdəki ABŞ bazasına hücum iddiası

Çabahar, Bəndər-Abbas, Keşm adası və Buşehr ətrafında partlayışlar barədə məlumatlar yayılıb. İran isə Küveytdəki “Əli əl-Salem” aviabazasını raket və PUA-larla vurduğunu açıqlayıb.

17

İranın cənub və cənub-şərq bölgələrində partlayışlar qeydə alınıb, Tehran isə Küveytdə yerləşən ABŞ hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə hücum etdiyini açıqlayıb.

MSNews.az xəbər verir ki, İran mediası Çabahar, Bəndər-Abbas, Keşm adası və Buşehr ətrafında partlayışların eşidildiyini bildirib. Keşm adasının cənubunda və ona bitişik akvatoriyada da partlayış səsləri barədə məlumatlar yayılıb.

Reuters”in məlumatına görə, Çabahar, Konarak, Bəndər-Mahşəhr və Bəndər-İmam Xomeyni şəhərlərində partlayışlar qeydə alınıb. Digər mənbələr Bəndər-Abbas və Buşehrdə də zərbələrin baş verdiyini yazıblar. Partlayışların dəqiq hədəfləri və vurulan obyektlər barədə məlumatlar hələ tam aydın deyil.

ABŞ Mərkəzi Komandanlığı — CENTCOM iyulun 20-də İrana qarşı növbəti hücum dalğasının tamamlandığını açıqlayıb. Rəsmi məlumata əsasən, zərbələr İranın hərbi komanda mərkəzlərinə, dəniz qüvvələrinin imkanlarına, raket və PUA buraxılış məntəqələrinə, eləcə də hava hücumundan müdafiə sistemlərinə endirilib. CENTCOM konkret olaraq hansı şəhərlərdəki obyektlərin vurulduğunu açıqlamayıb.

İranın “Fars” və “Mehr” agentliklərinin məlumatına görə, Buşehr Atom Elektrik Stansiyasının yerləşdiyi ərazidə hava hücumundan müdafiə sistemləri işə salınıb. Bununla belə, stansiyanın özünün vurulduğu və ya nüvə obyektinə ziyan dəydiyi barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur.

Eyni zamanda, İran İslam İnqilabı Keşikçiləri Korpusu Küveytdəki “Əl-Adiri” düşərgəsinə və “Əli əl-Salem” aviabazasına raket və PUA-larla hücum etdiyini bildirib. “Əli əl-Salem” aviabazasında ABŞ hərbçiləri və hərbi aviasiya vasitələri yerləşdirilir.

Küveyt ordusu isə ölkənin hava hücumundan müdafiə qüvvələrinin İran istiqamətindən buraxıldığı bildirilən PUA-ları ələ keçirdiyini açıqlayıb. İranın raket və dronlarının aviabazaya birbaşa düşüb-düşmədiyi, hərbi texnikaya ziyan vurulması və itkilər barədə məlumatlar müstəqil şəkildə təsdiqlənməyib.

Qeyd edək ki, Çabahar İranın cənub-şərqində, Bəndər-Abbas və Keşm adası ölkənin cənubunda, Buşehr isə cənub-qərbində yerləşir.