Müctəba Xamenei ABŞ-a xəbərdarlıq etdi

İranın ali rəhbəri Müctəba Xamenei ABŞ-nin yenidən hərbi zərbələr endirəcəyi təqdirdə Tehranın daha genişmiqyaslı cavab verəcəyini bəyan edib. O, Hörmüz boğazına nəzarəti və regiondakı Amerika bazalarına hücumları Vaşinqtona qarşı mübarizənin bir hissəsi adlandırıb.

49

İranın ali rəhbəri Müctəba Xamenei ABŞ-ni yeni hərbi hücumlardan çəkinməyə çağıraraq, Vaşinqtonun yenidən zərbələr endirəcəyi təqdirdə Tehranın cavabının əvvəlkindən daha genişmiqyaslı olacağını bildirib.

MSNews.az xəbər verir ki, Xamenei bu barədə noyabrın 4-də İranda qeyd olunan “Qlobal imperializmə qarşı mübarizə günü” münasibətilə yayımladığı yazılı müraciətdə bildirib.

Məlumatı “Reuters” agentliyi yayıb.

Xamenei Hörmüz boğazına nəzarəti və region ölkələrindəki ABŞ hərbi bazalarına endirilən zərbələri Amerikanın əvvəlki hücumlarına cavab kimi qiymətləndirib.

“Bu addımlar regional miqyasda imperializmə qarşı mübarizənin ilkin mərhələsi hesab olunur. Hücumlar təkrarlanarsa, cavabımız daha geniş miqyas alacaq”, – deyə İran lideri xəbərdarlıq edib.

O, həmçinin ABŞ-da keçirilən aralıq seçkilərin nəticələrinin Vaşinqtonun İrana münasibətini dəyişəcəyinə inanmadığını bildirib. Xameneinin fikrincə, ABŞ-də hakim partiyanın dəyişməsi və ya Tehranın güzəştə getməsi iki ölkə arasındakı düşmənçiliyi aradan qaldırmayacaq.

“ABŞ öz hegemonluğunun sonunu uzaqda görür, biz isə yaxın hesab edirik”, – deyə Xamenei vurğulayıb.

Bəyanat ABŞ ilə İran arasında yeni hərbi qarşıdurma ehtimalının müzakirə olunduğu dövrə təsadüf edir. Bununla belə, Xameneinin açıqlaması yeni hərbi əməliyyatların başlanması barədə qərar deyil, mümkün hücuma qarşı xəbərdarlıqdır.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti