Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında davam edən müharibədə pilotsuz uçuş aparatlarının rolu getdikcə artır.
MSNews.az-ın “Sudan Tribune” nəşrinə istinadən məlumatına görə, Çevik Dəstək Qüvvələri (RSF) iyunun 5-də səhər saatlarında Omdurman, Damazin və Əbu Cubeyha istiqamətlərində koordinasiyalı PUA hücumları həyata keçirib. Nəşr hərbi mənbəyə əsasən yazır ki, Sudan Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemləri Omdurmanın qərb kənarları üzərində uçan strateji PUA-nı zərərsizləşdirib.
Yerli şahidlər “Sudan Tribune”a bildiriblər ki, Omdurmanın qərb sektorunda gecə saatlarında bir neçə güclü partlayış səsi eşidilib. Hücumdan sonra Sudan ordusuna məxsus PUA-ların Şimali Kordofan ştatında ÇDQ hədəflərinə cavab zərbələri endirdiyi qeyd olunur.
Bəzi hərbi mənbələr və sosial media kanalları Sudan ordusunun hücumun qarşısını almaq üçün Türkiyə istehsalı olan “HİSAR-A” hava hücumundan müdafiə sistemindən istifadə etdiyini iddia edir. Lakin bu məlumat hələlik Sudan və Türkiyə rəsmiləri tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.
Fakt-yoxlama platforması “Misbar” daha əvvəl ÇDQ tərəfindən yayılan görüntüləri araşdıraraq Sudan müharibəsində Türkiyə istehsalı “HİSAR-A” sisteminin ilk sənədləşdirilmiş görünüşünü qeydə aldığını bildirmişdi. Platformanın məlumatına görə, görüntülərdəki texnika “HİSAR-A” sistemi ilə struktur, radar və buraxılış qurğuları baxımından ciddi oxşarlıqlar göstərib.
“Misbar” yazır ki, “HİSAR-A” qısa mənzilli, aşağı hündürlükdə işləyən hava hücumundan müdafiə sistemidir və pilotsuz uçuş aparatları, helikopterlər, təyyarələr, qanadlı raketlər və digər hava hədəflərinin vurulması üçün nəzərdə tutulub. Platforma qeyd edir ki, nə Sudan, nə də Türkiyə tərəfi “HİSAR-A” sistemlərinin Sudana çatdırıldığını rəsmi olaraq elan edib.
Analitik mərkəz “ACLED” isə Sudan müharibəsinin son mərhələsində PUA-ların əsas döyüş vasitələrindən birinə çevrildiyini bildirir. Mərkəzin məlumatına görə, hər iki tərəf hava hücumları və PUA zərbələri üçün müxtəlif xarici təchizat kanallarından istifadə edir.
ÇDQ-nin BƏƏ tərəfindən dəstəklənməsi ilə bağlı iddialar uzun müddətdir beynəlxalq gündəmdədir. “Reuters” yazır ki, Sudan ordusu daha əvvəl BƏƏ və Efiopiyanı Xartum aeroportuna PUA hücumu ilə əlaqələndirmiş, lakin bu iddialar müstəqil şəkildə təsdiqlənməmişdi. BƏƏ isə ÇDQ-ni silahlandırması ilə bağlı ittihamları rədd edir. “Al Jazeera” də Əbu-Dabinin Çin istehsalı silahların ÇDQ-yə verilməsi ilə bağlı iddiaları “əsassız” adlandırdığını yazıb.
Sudanda 2023-cü ilin aprelindən davam edən müharibə ölkədə ağır humanitar böhrana səbəb olub. Son aylarda PUA hücumlarının artması isə həm hərbi obyektlər, həm də mülki infrastruktur üçün təhlükəni daha da artırıb.