Türkiyənin cənub-şərqində yerləşən Kahramanmaraş vilayətində məktəbə silahlı hücum baş verib.
“Reuters”-in məlumatına görə, hadisə zamanı 4 nəfər həlak olub, 20 nəfər yaralanıb. Vilayət valisi Mükerrem Ünlüer bildirib ki, atəşi orta məktəbin 8-ci sinif şagirdi açıb.

Nəşr yazır ki, ölənlər arasında bir müəllim də var. Valiyə görə, hücum edən şəxs atasına məxsus silahı çantasında gizlədərək məktəbə gətirib və hadisədən sonra özü də ölüb.
“Associated Press”-in ilkin məlumatında da Kahramanmaraşdakı orta məktəbə polis və təcili yardım briqadalarının göndərildiyi, hadisə yerindən ən azı iki nəfərin təcili yardımla aparıldığını göstərən görüntülərin yayıldığı bildirilirdi.

Bu, Türkiyədə ardıcıl iki gündə ikinci məktəb atışmasıdır. 14 apreldə Şanlıurfanın Siverek rayonunda 19 yaşlı sabiq şagird liseydə ov tüfəngi ilə atəş açmış, 16 nəfəri yaralamış və polis onu saxlamağa çalışarkən özünü öldürmüşdü. Yaralananlar arasında 10 şagird, 4 müəllim, 1 polis əməkdaşı və məktəb bufetinin işçisi vardı.