Ərdoğan: Afrika ilə əməkdaşlığı genişləndiririk

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Niger Prezidenti Abdurrahman Tchiani ilə görüşdən sonra Afrika ölkələri ilə münasibətlərin bərabər tərəfdaşlıq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etdirildiyini bildirib.

16

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Afrika dövlətləri ilə münasibətləri bərabər tərəfdaşlıq, qarşılıqlı hörmət və “qazan-qazan” prinsipləri əsasında inkişaf etdirdiyini bildirib.

MSNews.az xəbər verir ki, “Anadolu Agentliyi”nin məlumatına görə, Ərdoğan bu barədə Ankarada Niger Prezidenti Abdurrahman Tchiani ilə keçirdiyi görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında danışıb.

Türkiyə lideri Tchianinin Afrika qitəsi xaricində ilk rəsmi səfərini Türkiyəyə etməsindən məmnunluğunu ifadə edib. Ərdoğan bildirib ki, Niger Türkiyə üçün Afrikada dərin tarixi əlaqələrə malik dost və qardaş ölkələrdən biridir.

Görüşlər zamanı tərəflər müdafiə sənayesi, təhlükəsizlik, enerji, mədənçilik, ticarət, investisiyalar, təhsil, səhiyyə və kənd təsərrüfatı sahələrində əməkdaşlığı müzakirə ediblər. Ərdoğan Nigerin inkişaf mübarizəsinə Türkiyənin dəstəyinin davam edəcəyini vurğulayıb.

Anadolu Agentliyi” yazır ki, görüşlərdən sonra iki ölkə arasında müxtəlif sahələri əhatə edən sənədlər imzalanıb. Bunlar arasında iqtisadi və ticari tərəfdaşlıq mexanizmləri, ali təhsil sahəsində əməkdaşlıq, diplomatik hazırlıq və Niger-Türkiyə Dostluq Xəstəxanası ilə bağlı protokol da yer alıb.

Ərdoğan qeyd edib ki, Türkiyə Maarif Fondu Nigerin paytaxtı Niameydə 12 məktəbdə 1700-dən çox şagirdə təhsil verir. Bundan başqa, 300-ü Türkiyə təqaüdləri hesabına olmaqla 500-ə yaxın nigerli tələbənin Türkiyədə ali təhsil aldığı bildirilib.

Türkiyə Prezidenti həmçinin TİKA-nın Nigerin inzibati və mülki infrastrukturunun gücləndirilməsi, suvarma, kənd təsərrüfatı və heyvandarlıq sahələrində layihələrə dəstəyini davam etdirdiyini bildirib. Onun sözlərinə görə, Türkiyə-Niger Dostluq Xəstəxanası iki ölkə münasibətlərinin humanitar istiqamətinə mühüm töhfə verir.

Ərdoğan Afrika ölkələri ilə münasibətlərin yalnız ticarət və iqtisadiyyatla məhdudlaşmadığını deyib. O, təhlükəsizlik, təhsil, mədəniyyət və nəqliyyat kimi sahələrdə uzunmüddətli əməkdaşlığın Türkiyə üçün önəm daşıdığını vurğulayıb.

Habertürk”ün məlumatına görə, Ərdoğan Sahel bölgəsində sabitliyi pozan terror təşkilatlarına qarşı mübarizədə dost və qardaş ölkələrin yanında olduqlarını bildirib. Türkiyə lideri Niger təhlükəsizlik qüvvələrinin terrorla mübarizəsini izlədiklərini və hərbi təlim, kəşfiyyat sahələrində daha yaxın əməkdaşlıq imkanlarının müzakirə edildiyini qeyd edib.

Niger Prezidenti Abdurrahman Tchiani isə çıxışında Türkiyənin ölkəsinə göstərdiyi dəstəyə görə təşəkkür edib. O, Ərdoğanın 2013-cü ildə Nigerə səfərini iki ölkə münasibətləri üçün “tarixi mərhələnin başlanğıcı” adlandırıb və Türkiyənin təhlükəsizlik, səhiyyə, təhsil, enerji və infrastruktur sahələrində Nigerin yanında olduğunu bildirib.

Tchiani səfərin simvolik baxımdan mühüm olduğunu qeyd edərək Türkiyə-Niger əməkdaşlığının həm Afrika qitəsi, həm də dünya üçün nümunə ola biləcəyini deyib.