Hindistanın paytaxtı Yeni Dehlidə Baş nazir Narendra Modinin rəsmi iqamətgahı yaxınlığında yerləşən tarixi “Race Course” məscidinin boşaldılması tələbi ölkədə mübahisələrə səbəb olub. Yerli məlumatlara görə, dövlət qurumları məscidi hökumət torpağında yerləşən icazəsiz tikili hesab edərək ərazinin altı gün ərzində boşaldılmasını tələb ediblər. Məscidin su və elektrik təchizatı kəsilib, ibadət yerinə giriş isə məhdudlaşdırılıb.
MSNews.az xəbər verir ki, bu barədə Hindistanın “The Tribune” qəzeti və “NDTV” telekanalı məlumat yayıb.
Məscidin imamı Məhəmməd Harun altı gün müddət verildiyini və ibadət yerinin sökülməsi təhlükəsi ilə üzləşdiyini açıqlayıb.
Lakin məsələ ilə bağlı dövlət qurumlarının açıqlamalarında fərqlilik var. Oktyabrın 23-də “The Indian Express” nəşrinə danışan hökumət mənbələri məscidə rəsmi köçürülmə bildirişinin göndərilmədiyini bildiriblər.
Məscidin rəhbərliyinin bildirdiyinə görə, oktyabrın 7-də ərazidə aparılan söküntü işləri zamanı binanın su və elektrik təchizatı dayandırılıb.
Bundan başqa, məscidə aparan giriş yollarının bağlanması nəticəsində ibadət edən şəxslərin binaya daxil olması çətinləşib.
Yeni Dehli Bələdiyyə Şurasının (NDMC) nümayəndələri ətraf ərazidə aparılan söküntü işlərinin təhlükəsizlik məqsədilə həyata keçirildiyini bildiriblər.
Rəsmilərə görə, elektrik və su təchizatının dayandırılması yalnız məscidlə məhdudlaşmayıb, yaxınlıqdakı digər tikililərə də təsir göstərib.
Məscid həmçinin Yeni Dehli Bələdiyyə Şurasının qorunan tarixi obyektlər siyahısında yer alır. Binanın elektrik təchizatına 1976-cı ildən qanuni əsaslarla qoşulduğu bildirilir.
Vəqf idarəsi oktyabrın 19-da və 21-də dövlət qurumlarına məktub göndərərək məscidin kommunal xidmətlərinin bərpasını və tarixi-dini statusunun qorunmasını tələb edib.
Hadisə Hindistandakı müsəlman siyasi və dini təşkilatlarının reaksiyasına səbəb olub. Parlament üzvü, Ümumhindistan Məclisi-İttihadül-Müslimin Partiyasının rəhbəri Əsəduddin Üveysi azlıqların işləri üzrə nazir Kiren Ricicunu məsələyə müdaxilə etməyə çağırıb.
Üveysi məscidin vəqf mülkiyyəti kimi qeydiyyatda olduğunu xatırladaraq onun qorunması üçün hüquqi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Təşkilatın rəsmi açıqlamasında bildirilib ki, mülkiyyətin hüquqi statusu tam aydınlaşdırılmadan məscid və qəbiristanlıq ərazisində söküntü işlərinin aparılmasına yol verilməməlidir.
Nazir görüş zamanı məsələnin həlli üçün mümkün səylər göstərəcəyini bildirib.
Hakim Saurabh Banerci qərarında məscidin mülkiyyət hüquqları və ərazinin əvvəlki məhkəmə qərarları ilə əhatə olunub-olunmaması barədə mübahisələrin ayrıca hüquqi araşdırma tələb etdiyini bildirib.
Məhkəmənin bu qərarı məscidin sökülməsinə dair ayrıca hökm kimi qiymətləndirilmir.