“Keşikçidağ”la bağlı iddialar yayan jurnalist Gürcüstanda həbs edildi

Gürcüstanda “Keşikçidağ” monastır kompleksi barədə məlumatlar yaymaqda ittiham olunan jurnalist Dito Çubinidze iki aylıq həbs edilib. O, dövlətə xəyanət və sabotajda təqsirləndirilir.

14

Gürcüstanda “Keşikçidağ” (David-Qareci) monastır kompleksi ilə bağlı əsassız məlumatlar yaymaqda ittiham olunan jurnalist Dito Çubinidze barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Jurnalist Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin kompleksin bir hissəsini gizli razılaşma əsasında Azərbaycana verdiyini iddia etməkdə təqsirləndirilir.

MSNews.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğunun məlumatına istinadən “APA” agentliyi məlumat yayıb.

Oktyabrın 23-də Tbilisi Şəhər Məhkəməsi prokurorluğun vəsatətini təmin edərək “Asaval-Dasavali” qəzetinin jurnalisti Domenti (Dito) Çubinidze barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Jurnalist məhkəmə iclasında iştirak edib və ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib.

Gürcüstan Baş Prokurorluğunun məlumatına görə, Çubinidze 2026-cı ilin fevralından etibarən müxtəlif media orqanları və sosial şəbəkələr vasitəsilə mübahisəli monastır kompleksi haqqında sistemli şəkildə məlumatlar yayıb.

İstintaqın mövqeyinə əsasən, jurnalist Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycanla gizli razılaşma bağlayaraq David-Qareci monastır kompleksinin bir hissəsini Azərbaycana təhvil verdiyini iddia edib.

Prokurorluq həmin məlumatların uydurma faktlara əsaslandığını və ictimaiyyəti çaşdırmağa yönəldiyini bildirib.

Gürcüstan Baş Prokurorluğu açıqlamasında vurğulayıb ki, dövlət sərhədlərinin müəyyənləşdirilməsi qonşu ölkə ilə beynəlxalq müqavilə və ya razılaşma əsasında həyata keçirilir. Belə sənədlərin qüvvəyə minməsi üçün Gürcüstan parlamentinin ratifikasiyası tələb olunur.

Qurumun bildirdiyinə görə, sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlar aparmaq səlahiyyəti Gürcüstanın müvafiq hökumət komissiyasına məxsusdur. Bununla da, prokurorluq jurnalistin sərhəd ərazilərinin gizli razılaşma ilə Azərbaycana verilməsi barədə iddialarını rədd edib.

Dito Çubinidze oktyabrın 22-də məhkəmə qərarı əsasında saxlanılıb. Ona qarşı dövlətə xəyanət, konkret olaraq sabotaj ittihamı irəli sürülüb. Jurnalistin vəkili Nona Pilauri müvəkkilinin özünü təqsirli bilmədiyini açıqlayıb.

Vəkilin sözlərinə görə, Çubinidze jurnalist fəaliyyəti çərçivəsində məlumat topladığını və peşə vəzifələrini yerinə yetirdiyini bildirir.

İrəli sürülən ittihamlar məhkəmədə sübuta yetirilərsə, Dito Çubinidzeni dörd ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, jurnalistin barəsində həbs qətimkan tədbirinin seçilməsi onun təqsirinin sübuta yetirilməsi demək deyil. Yekun qərar məhkəmə araşdırmasının nəticəsindən sonra veriləcək.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Xəbər lenti