Kuba Prezidenti Migel Dias-Kanel ABŞ-la mümkün hərbi qarşıdurmadan qorxmadıqlarını, lakin Havana rəhbərliyinin müharibə istəmədiyini bildirib.
MSNews.az “Sky News”-a istinadən xəbər verir ki, Dias-Kanel britaniyalı jurnalist Yalda Hakimə müsahibəsində Kubanın heç bir ölkə üçün təhlükə yaratmadığını və suverenliyindən imtina etməyəcəyini deyib. O, ABŞ Prezidenti Donald Trampın hərbi addımlarla bağlı ritorikasını “media zəhərlənməsi və psixoloji müharibə strategiyası” kimi qiymətləndirib.
Kuba lideri bildirib ki, ölkəsi hər hansı hücum baş verəcəyi təqdirdə buna birlik və qətiyyətlə cavab verəcək. “Anadolu Agentliyi”-nin məlumatına görə, Dias-Kanel “Biz müharibə istəmirik, lakin ondan qorxmuruq” deyərək, Kubanın öz suverenliyini müdafiə etməyə hazır olduğunu vurğulayıb.
Prezident qeyd edib ki, Havana mümkün hərbi təzyiqi istisna etmir və buna görə də “qəfil yaxalanmamaq və məğlub olmamaq” üçün hazırlıq görür. O, Kubanın müstəmləkə olmadığını, ölkənin müstəqilliyindən və siyasi sistemindən imtina etməyəcəyini bildirib.
Dias-Kanelin açıqlamaları ABŞ və Kuba arasında gərginliyin artdığı dövrə təsadüf edir. “Al Jazeera” yazır ki, iyun ayında Vaşinqton Dias-Kanelə və Kuba rəhbərliyinin digər yüksək vəzifəli nümayəndələrinə qarşı yeni sanksiyalar tətbiq edib.
Daha əvvəl “Reuters” Kubanın ABŞ-dan gələn hərbi təhdid ritorikasını “təhlükəli eskalasiya” kimi qiymətləndirdiyini yazmışdı. Havana isə Vaşinqtonla dialoqa hazır olduğunu, lakin bunun təzyiq və şərtlər olmadan aparılmalı olduğunu bildirir.