İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a səfəri zamanı təyyarəsinin Nyu-Yorkdakı Con Kennedi Beynəlxalq Hava Limanına deyil, qonşu Nyu-Cersi ştatındakı Nyuark hava limanına enməsi planlaşdırılır. Baş nazirin sentyabrın 24-də BMT tribunasından çıxış edəcəyi gözlənilir.
MSNews.az xəbər verir ki, bu barədə İsrailin “Walla” nəşri səfərin hazırlıq prosesindən məlumatlı diplomatik mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Netanyahu sentyabrın 23-də ABŞ-yə yola düşəcək. Onun təyyarəsi əvvəlki səfərlərindən fərqli olaraq, Con Kennedi Beynəlxalq Hava Limanı əvəzinə Nyu-Cersi ştatındakı Nyuark hava limanına enəcək.
Səfərin təhlükəsizliyinin təmin edilməsinə ABŞ Məxfi Xidmətinin də cəlb olunduğu bildirilir. İsrailin “The Jerusalem Post” nəşrinin məlumatına görə, bu dəfə təhlükəsizlik tədbirlərində xidmətin iştirakı əvvəlki səfərlərlə müqayisədə daha genişdir.
Diplomatik mənbə hava limanının dəyişdirilməsinin Nyu-York meri Zohran Məmdaninin Netanyahu ilə bağlı mövqeyindən qaynaqlandığını təkzib edib. O, qərarın təyyarənin dayanacağı və səfər zamanı təhlükəsizlik tədbirlərinin təşkili ilə əlaqədar olduğunu bildirib.
İsrail Baş nazirinin sentyabrın 24-də Nyu-York vaxtı ilə saat 14:00-da BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etməsi planlaşdırılır. Onun çıxışından sonra İsrailə qayıdacağı gözlənilir.
Qeyd edək ki, ilkin məlumatlarda Netanyahunun hərbi aerodroma enəcəyi bildirilsə də, İsrail mediasının diplomatik mənbələrə istinadən yaydığı xəbərlərdə Nyuark beynəlxalq hava limanının adı çəkilir. Hərbi aerodroma eniş barədə məlumat hələlik təsdiqlənməyib.