İspaniyanın Barselona şəhərində ənənəvi gecə klublarına alternativ olaraq sauna məclisləri getdikcə populyarlaşır. Spirtli içkilərin olmadığı bu tədbirlərdə insanlar musiqi dinləyir, rəqs edir, yeni tanışlıqlar qurur və eyni zamanda istirahət prosedurlarından yararlanırlar. Yeni əyləncə formatı xüsusilə sağlam həyat tərzinə üstünlük verən insanlar arasında maraq doğurur.
MSNews.az xəbər verir ki, bu barədə İspaniyanın “El Periódico” qəzeti məlumat yayıb. Nəşrin araşdırmasına görə, Barselonada sauna və spa mərkəzləri tədricən insanların yalnız istirahət üçün deyil, həm də ünsiyyət qurmaq və əylənmək üçün üz tutduğu məkanlara çevrilir.
Burada cümə və şənbə axşamları xüsusi sauna məclisləri təşkil olunur. İştirakçılar musiqi dinləyir, söhbətləşir, rəqs edir, həmçinin soyuq su vannalarından və nəfəs məşqlərindən yararlanırlar.
Tədbirlərdə elektron musiqidən tutmuş 1980-ci illərin hitlərinə qədər müxtəlif musiqi janrlarına yer verilir. Mərkəzdə hətta yeni insanlarla tanış olmaq istəyən subay şəxslər üçün xüsusi axşamlar keçirilir.
Sauna məclisləri konsepsiyasının yayılmasına insanların bu məkanlardan ünsiyyət vasitəsi kimi istifadə etməsi təkan verib. Ənənəvi saunalarda sakitliyə üstünlük verilsə də, bəzi istirahət mərkəzləri qonaqların söhbətləşmək və birlikdə vaxt keçirmək istəyini nəzərə alaraq fərqli formatlar hazırlamağa başlayıblar.
Yeni yanaşmada sauna yalnız sağlamlıq və istirahət məkanı deyil, həm də sosial həyatın bir hissəsi kimi təqdim olunur.
“Ilo Studios”-un təsisçilərinin sözlərinə görə, insanlar getdikcə spirtli içkilərin əsas rol oynamadığı, daha təbii ünsiyyətə imkan verən mühit axtarırlar.
Mərkəzin nümayəndələri açılışdan sonrakı dövrdə fəaliyyətlərində 56 faizlik artım qeydə alındığını bildiriblər. Onlar artan marağı nəzərə alaraq daha böyük ikinci məkan açmağı da planlaşdırırlar.
Barselonada yalnız sauna məclisləri deyil, sağlam həyat tərzinə əsaslanan digər əyləncə formatları da yayılır.
Şəhərdə artıq DJ-lərin çıxış etdiyi spa məclisləri, qəhvə ilə müşayiət olunan səhər rəqsləri, idman və musiqini birləşdirən tədbirlər təşkil edilir.
Bu cür tədbirlərin əsas xüsusiyyəti ənənəvi gecə əyləncələrindən fərqli olaraq spirtli içkilərə deyil, musiqiyə, ünsiyyətə və fiziki aktivliyə üstünlük verilməsidir.
Mart ayında Barselonada keçirilən spa məclislərindən birində 100-dən çox insanın iştirak etdiyi bildirilirdi. Tədbir iştirakçıları çimərlik geyimlərində rəqs edir, sauna və cakuzi xidmətlərindən yararlanırdılar.
Sauna əsaslı sosial tədbirlər Barselona ilə məhdudlaşmır. Oxşar konsepsiyalar London, Nyu-York və Toronto kimi şəhərlərdə də maraq doğurur. Təşkilatçılar hesab edirlər ki, insanların sağlam həyat tərzi ilə sosiallaşmanı birləşdirmək istəyi bu cür tədbirlərə tələbatı artırır.
Bununla belə, saunada uzun müddət qalmaq hər kəs üçün uyğun deyil. Xüsusilə ürək-damar xəstəlikləri və digər sağlamlıq problemləri olan şəxslərin yüksək temperaturla bağlı ehtiyatlı davranması tövsiyə olunur.
Barselonada yayılan yeni əyləncə formatı isə insanların istirahət və sosiallaşma vərdişlərinin dəyişdiyini göstərən nümunələrdən biri kimi diqqət çəkir.
Video görüntüləri “Telegram” kanalımızdan izləyə bilərsiniz.