Qara dənizdə azərbaycanlıların olduğu gəmi batdı: Ölən və itkin düşənlər var

Rumıniyanın Konstansa limanı yaxınlığında 3 azərbaycanlı və 10 ukraynalının olduğu “Khoryv” yük gəmisi qəzaya uğrayıb. Bir nəfər ölüb, üç nəfər itkin düşüb. Gəmiyə PUA hücumu ehtimalı araşdırılır.

12

Qara dənizdə, Rumıniyanın Konstansa limanından təxminən 13 dəniz mili aralıda Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu yük gəmisi qəzaya uğrayıb. Hadisə nəticəsində bir dənizçi həlak olub, üç nəfər itkin düşüb, doqquz nəfər isə xilas edilib. Gəminin pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalması ehtimalı da gündəmə gəlib.

MSNews.az xəbər verir ki, hadisə oktyabrın 23-də baş verib. Rumıniya Dəniz Administrasiyasının məlumatına əsasən, Komor adaları bayrağı altında üzən “Khoryv” adlı ticarət gəmisinin göyərtəsində 13 nəfər – 10 Ukrayna və 3 Azərbaycan vətəndaşı olub.

Bu barədə Rumıniyanın “Ziua de Constanța” nəşri məlumat yayıb.

Rumıniya rəsmilərinin açıqlamasına görə, yerli vaxtla saat 10:00 radələrində Dəniz Koordinasiya Mərkəzinə gəminin təhlükəli vəziyyətə düşməsi barədə məlumat daxil olub.

Hadisədən dərhal sonra Rumıniyanın Dənizdə İnsan Həyatının Xilas Edilməsi Agentliyinə (ARSVOM) və Daxili İşlər Nazirliyinə məxsus gəmilər əraziyə göndərilib.

Xilasetmə qrupları doqquz dənizçini sağ çıxarıb, bir nəfərin meyitini aşkarlayıblar. Daha üç ekipaj üzvünün axtarışı davam etdirilir.

Ərazidə hava şəraitinin əlverişsiz olması və görünüş məsafəsinin məhdudluğu əməliyyatı çətinləşdirir. Bu səbəbdən helikopterlə xilasetmə tədbirlərinin həyata keçirilməsi mümkün olmayıb.

Hadisə Rumıniyanın ərazi sularından kənarda, ölkənin müstəsna iqtisadi zonasında baş verib.

İlkin məlumatlara görə, “Khoryv” gəmisində yanğın baş verib və gəmi ciddi zədələnərək batıb. Bəzi regional media orqanları hadisənin pilotsuz uçuş aparatının zərbəsi nəticəsində baş vermiş ola biləcəyini bildirirlər.

Lakin Rumıniyanın aidiyyəti qurumları gəminin PUA ilə vurulduğunu hələlik təsdiqləməyiblər. Hadisənin dəqiq səbəbi araşdırılır.

Gəmidə olan üç Azərbaycan vətəndaşından neçəsinin xilas edildiyi, həlak olan və itkin düşən şəxslərin vətəndaşlığı barədə hələlik dəqiq məlumat açıqlanmayıb.

Hadisə ilə bağlı Azərbaycanın müvafiq dövlət qurumlarının ayrıca rəsmi açıqlaması da hələlik məlum deyil.

Qeyd edək ki, son həftələrdə Qara dənizdə ticarət gəmilərinin təhlükəsizliyi ilə bağlı vəziyyət gərginləşib. Oktyabrın 13-də Bolqarıstan sahillərində iki ticarət gəmisinin PUA hücumuna məruz qaldığı bildirilmiş, onlardan biri batmışdı. Digər gəmidə olan Azərbaycan və Ukrayna vətəndaşları xilas edilmişdi.

Hazırda “Khoryv” gəmisində itkin düşən üç dənizçinin axtarışı davam edir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Xəbər lenti