Filippinin Mindanao bölgəsində 359 nəfəri daşıyan “M/V Trisha Kerstin 3” bərəsinin batması nəticəsində ilkin məlumata görə 15 nəfər həyatını itirib, 43 nəfər isə itkin düşüb.
Yerli medianın məlumatına görə, Zamboanqa limanından Banqsomoro Muxtar Bölgəsinin Sulu vilayətində yerləşən Jolo adasına hərəkət edən bərə Hadji Muhtamad bələdiyyəsinə bağlı Pilas adası yaxınlığında qəzaya uğrayıb.
Filippin Sahil Mühafizəsinin açıqlamasında bildirilib ki, göyərtədə 332 sərnişin və 27 heyət üzvü olmaqla ümumilikdə 359 nəfər olub, indiyədək 316 nəfər sudan xilas edilib, axtarış-xilasetmə əməliyyatları davam edir. Qəzanın texniki nasazlıq nəticəsində baş verdiyi ehtimal olunur və hadisə ilə bağlı istintaq aparılır. Qeyd edək ki, təxminən 117 milyon əhalisi olan ada ölkəsində əvvəl də çoxsaylı ölüm halları ilə nəticələnən bərə qəzaları qeydə alınıb.