Argentinalı futbol ulduzu Lionel Messi İspaniyanın nüfuzlu İdman üzrə Asturiya Şahzadəsi Mükafatına layiq görülüb. Oktyabrın 23-də Oviedo şəhərində keçirilən rəsmi qəbul zamanı İspaniya taxtının varisi şahzadə Leonor futbolçuya mükafatın xüsusi nişanını şəxsən təqdim edib.
MSNews.az xəbər verir ki, bu barədə Asturiya Şahzadəsi Fondunun məlumatına istinadən İspaniyanın “AS” və Argentinanın “DeporTV” nəşrləri məlumat yayıb.
Təqdimat Oviedo şəhərindəki tarixi “Reconquista” hotelində təşkil olunub. Şahzadə Leonor ilk dəfə olaraq mükafat laureatlarını valideynlərinin iştirakı olmadan qəbul edib və onlara xüsusi nişanları təqdim edib.
Messi futbol tarixində İdman üzrə Asturiya Şahzadəsi Mükafatını fərdi qaydada qazanan ilk futbolçu olub. Mükafatın münsiflər heyəti iyunun 3-də açıqladığı qərarda futbolçunun qeyri-adi istedadını, uzunmüddətli uğurlarını və xeyriyyəçilik fəaliyyətini yüksək qiymətləndirib.
Fondun rəsmi məlumatına əsasən, Messinin xüsusilə aztəminatlı ailələrdən olan uşaqların təhsil və səhiyyə imkanlarının yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsləri mükafatlandırılmasında mühüm rol oynayıb.
Argentinanın Rosario şəhərində anadan olan Messi 13 yaşında İspaniyaya köçərək “Barselona”nın məşhur La Masiya futbol akademiyasına qoşulub. O, məhz İspaniyada peşəkar futbolçu kimi formalaşıb və karyerasının ən böyük uğurlarının əksəriyyətini “Barselona”nın heyətində qazanıb.
Messi Kataloniya klubunda keçirdiyi illərdə dörd dəfə UEFA Çempionlar Liqasının qalibi olub, on dəfə İspaniya çempionluğunu əldə edib. Argentinalı ulduz səkkiz dəfə “Qızıl top” mükafatını qazanıb və 2022-ci ildə Argentina millisi ilə dünya çempionu olub.
Oktyabrın 23-də mükafatın əsas mərasimi Oviedodakı Kampoamor Teatrında, İspaniya Kralı VI Felipe, Kraliça Letisiya, şahzadə Leonor və infanta Sofiyanın iştirakı ilə təşkil olunub.
Asturiya Şahzadəsi Mükafatına 50 min avro pul mükafatı, Joan Mironun hazırladığı heykəltəraşlıq əsəri, diplom və xüsusi nişan daxildir.