İngiltərədə müəllim Ukraynaya görə cəzalandırıldı

İngiltərədə müəllim Uilyam Qarvud dərs zamanı ukraynalılar, Rusiya-Ukrayna müharibəsi, gey və transgender şəxslərlə bağlı ayrı-seçkilik xarakterli ifadələr işlətdiyinə görə müəllimlikdən qeyri-müəyyən müddətə uzaqlaşdırılıb.

11

İngiltərədə orta məktəbdə dərs deyən müəllim Uilyam Qarvud şagirdlər qarşısında Ukrayna, Rusiya-Ukrayna müharibəsi, gey və transgender şəxslərlə bağlı ayrı-seçkilik xarakterli fikirlər səsləndirdiyinə görə müəllimlikdən qeyri-müəyyən müddətə uzaqlaşdırılıb.

MSNews.az xəbər verir ki, Böyük Britaniya hökumətinin yayımladığı “Teaching Regulation Agency” adlı qərarında hadisənin 2023-cü il oktyabrın 5-də tarix dərsi zamanı baş verdiyi qeyd olunur. Qərara əsasən, Qarvud həmin vaxt Qərbi Yorkşir bölgəsində yerləşən “St Mary’s Menston Catholic Voluntary Academy”-də əvəzedici müəllim kimi çalışırdı.

Araşdırma paneli şagird ifadələrinə əsasən müəllimin “ukraynalılar nasistdir” və ya “ukraynalılar pisdir” məzmunlu fikirlər səsləndirdiyini sübuta yetirilmiş hesab edib. Panel həmçinin onun Ukraynadakı şəxsləri “banklar və milyarderlər tərəfindən maliyyələşdirilən satanistlər” kimi təqdim etdiyini müəyyən edib.

Qərarda bildirilir ki, şagirdlərdən birinin ifadəsinə görə, Qarvud Vladimir Putinin Ukraynada “satanist nasistləri” öldürməsindən məmnun olduğunu deyib. Panel bu və digər ifadələri nəzərə alaraq müəllimin dərs zamanı Rusiyanın Ukraynaya müdaxiləsinə haqq qazandıran şərhlər verdiyi qənaətinə gəlib.

Müəllimin eyni dərsdə gey və transgender şəxslərin “psixi xəstə” olduğu məzmununda ifadələr işlətdiyi də sübuta yetirilmiş sayılıb. Panel bu fikirlərin şagirdlər üçün xüsusilə həssas mövzuda səsləndirildiyini və sinif mühiti üçün qəbuledilməz olduğunu bildirib.

Qarvud yazılı müdafiəsində fikirlərinin şagirdlər tərəfindən yanlış anlaşıldığını, özünün müsəlman olduğunu və transgender məsələləri ilə bağlı mövqeyinin dini inancı ilə əlaqəli olduğunu bildirib. O, həmçinin Ukrayna ilə bağlı dediklərini “anti-nasist” fəlsəfi mövqeyi kimi təqdim edib. Lakin panel vurğulayıb ki, məsələ müəllimin inancının doğruluğu yox, bu fikirlərin dərs zamanı şagirdlərə necə təqdim olunmasıdır.

Araşdırma paneli Qarvudun şərhlərini balanssız, tədris mövzusu ilə əlaqəsiz, ayrı-seçkilik xarakterli və müəllim peşəsinin standartlarından kənar hesab edib. Panel onun davranışının şagirdlərin təhlükəsizliyi və sinifdə hörmət mühiti baxımından ciddi narahatlıq yaratdığını qeyd edib.

Qərara əsasən, Uilyam Qarvud İngiltərədə məktəblərdə, altı illik kolleclərdə, müvafiq gənclər müəssisələrində və uşaq evlərində dərs deyə bilməz. O, qadağanın ləğvi üçün ən tez 2032-ci il iyunun 23-dən sonra müraciət edə bilər, lakin bu, avtomatik bərpa hüququ anlamına gəlmir.