Marko Rubio Tramp administrasiyasından gedir?

ABŞ dövlət katibi Marko Rubionun 2028-ci il prezident seçkilərində iştirak etmək üçün Tramp administrasiyasından ayrılacağı iddia olunur. Rubio və Dövlət Departamenti xəbərləri təkzib edib.

29

ABŞ dövlət katibi Marko Rubionun 2028-ci il prezident seçkilərində iştirak etmək məqsədilə Donald Tramp administrasiyasından ayrılmağa hazırlaşdığı iddia olunur. Lakin Rubio bu məlumatları təkzib edərək prezidentin səlahiyyət müddətinin sonunadək vəzifəsində qalmağı planlaşdırdığını bildirib.

MSNews.az xəbər verir ki, Britaniyanın “The Independent” qəzeti Vaşinqtondakı və Britaniya hökumətindəki mənbələrə istinadən Rubionun 2028-ci ildə Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq imkanlarını nəzərdən keçirdiyini yazıb.

Mənbələrin iddiasına görə, respublikaçıların noyabrın 3-də keçirilmiş aralıq seçkilərdə Konqresin hər iki palatasına nəzarəti itirməsi Rubionun siyasi gələcəyi ilə bağlı müzakirələri gücləndirib.

Nəşr bildirir ki, Rubionun mümkün prezidentlik yarışında əsas rəqiblərindən biri ABŞ-nin vitse-prezidenti Cey Di Vens ola bilər. Bəzi respublikaçı mənbələr hesab edirlər ki, dövlət katibinin seçkilərə hazırlaşması üçün administrasiyadan ayrılması və İranla müharibə də daxil olmaqla, Trampın mübahisəli qərarlarından siyasi məsafə saxlaması məqsədəuyğun olardı.

Lakin Rubio noyabrın 5-də istefa iddialarını rədd edib. “Reuters” agentliyinin məlumatına görə, o, “The New York Times” qəzetinə müsahibəsində Tramp administrasiyasında prezidentin səlahiyyət müddətinin sonunadək çalışmağın əvvəldən planı olduğunu bildirib.

“Mən artıq 2028-ci il barədə danışmayacağam”, – deyə Rubio prezidentliyə mümkün namizədliyi ilə bağlı sualları cavablandırmaqdan imtina edib.

ABŞ Dövlət Departamenti də istefa xəbərlərini əsassız adlandırıb. Qurumun nümayəndəsi Dilan Conson Rubionun vəzifəsindən ayrılmaq barədə müzakirə aparmadığını açıqlayıb. Ağ Ev də yayılan iddiaları təkzib edib.

Qeyd edək ki, Rubio 2028-ci il prezident seçkilərində iştirak edəcəyini rəsmən elan etməyib. Onun mümkün namizədliyi Respublikaçılar Partiyasının gələcək rəhbərliyi ilə bağlı müzakirələrin mövzusu olaraq qalır.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti