İtaliyalı mütəxəssis Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər. Buna səbəb 2027-ci il Asiya Kubokunun Yaxın Şərqdəki hərbi-siyasi vəziyyətlə əlaqədar təxminən 11 ay təxirə salınmasıdır.
MSNews.az xəbər verir ki, bu barədə tanınmış futbol jurnalisti Fabrizio Romano “X” sosial şəbəkəsində məlumat yayıb.
Romanonun sözlərinə görə, Kannavaro turnirin təqvimindəki dəyişiklikdən sonra Özbəkistan millisindəki gələcəyini yenidən nəzərdən keçirir.
Jurnalist bildirib ki, italiyalı mütəxəssisin komandadan ayrılması hazırda müzakirə olunan variantlardan biridir. Bununla belə, yekun qərar verilməyib.
Asiya Futbol Konfederasiyası (AFC) noyabrın 3-də turnirin tarixlərinin dəyişdirildiyini rəsmən açıqlayıb.
AFC-nin rəsmi açıqlamasında qərarın regiondakı fövqəladə vəziyyət, nəqliyyat əlaqələrinin pozulması və ciddi logistika çətinlikləri səbəbindən qəbul edildiyi bildirilib. Yeni tarixlərin FIFA tərəfindən təsdiqlənməsi tələb olunur.
“Reuters” agentliyinin məlumatına görə, turnirin təxirə salınması Səudiyyə Ərəbistanına qarşı son hücumların yaratdığı təhlükəsizlik narahatlıqları fonunda baş verib.
2006-cı ildə İtaliya millisi ilə dünya çempionu olmuş Kannavaro 2025-ci ilin oktyabrında Özbəkistan yığmasının baş məşqçisi təyin edilib. Turnirin təxminən bir il gec keçirilməsi onun komanda ilə bağlı planlarına təsir göstərə bilər.
Hazırda Kannavaronun istefası rəsmən təsdiqlənməyib. Özbəkistan Futbol Assosiasiyası da baş məşqçi dəyişikliyi barədə qərar elan etməyib.