Tramp NBA finalında fitə basıldı

ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda “New York Knicks” – “San Antonio Spurs” NBA final seriyasının üçüncü oyununa qatılıb. O, “Madison Square Garden”də azarkeşlərin fit səsləri ilə qarşılanıb.

25

ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda keçirilən NBA final oyununda azarkeşlərin fit səsləri ilə qarşılanıb.

MSNews.az xəbər verir ki, “Associated Press”in məlumatına görə, Tramp “Madison Square Garden”də “New York Knicks” və “San Antonio Spurs” arasında NBA final seriyasının üçüncü oyununu izləyib. O, dövlət himni zamanı arenanın böyük ekranında göstəriləndə tribunaların bir hissəsi tərəfindən fitə basılıb.

Axios” yazır ki, Trampın arenada görünməsi qarışıq reaksiya doğurub. Əvvəlcə alqış və “ABŞ! ABŞ!” şüarları eşidilib, lakin kamera prezidentin üzərində qaldıqca fit səsləri güclənib.

Bu oyun tarixi məqamla da yadda qalıb. Donald Tramp NBA final matçını canlı izləyən ilk fəaliyyətdə olan ABŞ prezidenti olub. Oyun həm də “Knicks”in 1999-cu ildən bəri Nyu-Yorkda keçirdiyi ilk NBA final qarşılaşması idi.

Tramp oyunu “Knicks”in sahibi Ceyms Dolanın qonağı kimi izləyib. “New York Post”un məlumatına görə, prezident qarşılaşmanı xüsusi mühafizə olunan lojalardan birində izləyib. Onu ailə üzvləri və administrasiya rəsmiləri də müşayiət edib.

Prezidentin oyuna gəlişi “Madison Square Garden” ətrafında gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə müşayiət olunub. “Yahoo Sports” yazır ki, Trampın iştirakı səbəbindən arenanın yaxınlığında planlaşdırılan rəsmi “Knicks” fan-zonası ləğv edilib. Bu qərar oyunu arenadan kənarda izləmək istəyən bir çox azarkeşin narazılığına səbəb olub. Trampın gəlişi ilə əlaqədar MSG ətrafında əlavə yoxlama məntəqələri, çanta məhdudiyyətləri və daha sərt giriş prosedurları tətbiq olunub. Azarkeşlərə oyuna ən azı iki saat əvvəl gəlmək tövsiyə edilib.

Qarşılaşma idman baxımından da gərgin keçib. “San Antonio Spurs” səfərdə “New York Knicks”i 115:111 hesabı ilə məğlub edib və seriyada vəziyyəti dəyişib. Matçın əsas diqqət çəkən simalarından biri “Spurs”un ulduzu Viktor Vembanyama olub.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Xəbər lenti