70 yaşlı qapıçı İspaniyanın beşinci liqasında meydana çıxdı

70 yaşlı Anxel Mateos “Kolunqa”nın heyətində İspaniyanın beşinci liqasında meydana çıxıb. Klub bu addımı illərdir komandaya bağlı olan sabiq qapıçıya təşəkkür jesti kimi edib.

İspaniyanın aşağı liqalarında duyğusal və nadir futbol hadisəsi yaşanıb. 70 yaşlı qapıçı Anxel Mateos Qonsales “Kolunqa” klubunun heyətində “Tercera Federación” matçında meydana çıxaraq İspaniya futbolunda diqqətçəkən anlardan birinə imza atıb.

“SUR in English”in məlumatına görə, Mateos oyuna start heyətində başlayıb və meydanda təxminən 20 dəqiqə qalıb. Bu müddətdə o, bir təhlükəli zərbəni dəf edib, lakin daha sonra künc zərbəsindən sonra çıxışda səhvə yol verərək qol buraxıb.

“Kolunqa” bu addımı rekord naminə yox, uzun illər kluba bağlı qalan Mateosa təşəkkür jesti kimi edib. “The Guardian” yazır ki, Anxel Mateos futbolçu karyerasını 27 il əvvəl başa vurub, daha sonra uzun müddət şaxtada işləyib və son illərdə “Kolunqa”nın qapıçılarına kömək edib. Klub onun meydana çıxmasını futbolun yaşdan, statistikadan və nəticədən daha böyük dəyərlərə sahib olduğunu göstərən simvolik jest kimi təqdim edib.

Mateosun futbol keçmişi də kifayət qədər zəngindir. “El País”in məlumatına görə, o, karyerası ərzində “Tercera División” və “Segunda B” səviyyəsində 800-dən çox oyun keçirib, “Caudal de Mieres” və “Turón” kimi Asturiya klublarında çıxış edib. Rəsmi karyerasını 43 yaşında bitirsə də, idmandan tam uzaqlaşmayıb və veteran komandalarında oynamağa davam edib.

Matçdan əvvəl “Kolunqa”nın qərarı İspaniya mətbuatında böyük maraq yaratmışdı. AS nəşri yazırdı ki, klub bu addımı Mateosun illərlə göstərdiyi sədaqətə, zəhmətə və futbola bağlılığına hörmət olaraq planlaşdırıb. Baş məşqçi Efrén Díaz onun bir neçə dəqiqə meydana çıxacağını əvvəlcədən bildirmişdi.

Oyunun ən təsirli anlarından biri Mateosun əvəzlənərkən tribunaların alqışı ilə meydanı tərk etməsi olub. Onun 10 yaşlı nəvəsinin də qapının arxasından bu tarixi anı izlədiyi bildirilir. Bu epizod aşağı liqa futbolunun bəzən böyük arenalardan daha səmimi və insani hekayələr yaratdığını bir daha göstərib.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.