Almaniya milli komandası 2026-cı il dünya çempionatına hazırlıq məqsədilə ABŞ-a çarter reysi ilə deyil, “Lufthansa”nın adi sərnişin reysi ilə yollanıb.
MSNews.az xəbər verir ki, “Lufthansa”nın rəsmi məlumatına görə, komanda Frankfurt aeroportundan Çikaqoya Airbus A350-900 təyyarəsi ilə uçub. Uçuş zamanı futbolçular, məşqçilər heyəti və komandanın digər üzvləri ilə yanaşı, adi sərnişinlər də təyyarədə olub.
“DFB”nin məlumatına görə, Almaniya millisinin ABŞ-a səfəri dünya çempionatına hazırlıq mərhələsi çərçivəsində baş tutub. Komanda Çikaqoda hazırlığını davam etdirəcək və turnir öncəsi son yoxlama oyunlarından birini keçirəcək.
Almaniya mətbuatının yazdığına görə, LH434 reysinin sərnişinləri uçuşdan əvvəl maraqlı sürprizlə qarşılaşıblar. Onlara Almaniya millisinin formaları hədiyyə olunub. Nəticədə təyyarədəki bir çox sərnişin qısa müddətdə qara-qırmızı-sarı rəngli formalarda görüntülənib.
“Welt”in məlumatına görə, Almaniya millisi əvvəlki böyük turnirlərdən fərqli olaraq bu dəfə xüsusi təyyarədən istifadə etməyib. Futbolçular üçün biznes-sinif yerlər ayrılıb, digər sərnişinlər isə komanda ilə eyni reysdə ABŞ-a yollanıblar.
“Lufthansa” həmçinin bu uçuşun dünya çempionatı ab-havasında təşkil edildiyini, sərnişinlərə təqdim olunan formaların isə “DFB” və “Adidas”la birgə hazırlandığını bildirib.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. Almaniya millisi turnir öncəsi hazırlıq prosesini ABŞ-da davam etdirir.