“Manchester City” 115 ittihamdan 114-ü üzrə təqsirli bilindi

İngiltərə mediasının məlumatına görə, müstəqil komissiya “Manchester City”ni Premyer Liqanın maliyyə qaydaları ilə bağlı 115 ittihamından 114-ü üzrə təqsirli bilib. Sanksiyalar hələ müəyyən edilməyib, klubun apellyasiya verəcəyi gözlənilir.

7

“Manchester City”nin Premyer Liqanın maliyyə qaydalarının pozulması ilə bağlı genişmiqyaslı işində qərarın verildiyi bildirilir. İngiltərə mediasının mənbələrinə görə, klub məşhur “115 ittiham” işində bir ittiham istisna olmaqla qalanları üzrə təqsirli bilinib. Bununla belə, yekun qərar və sanksiyalar Premyer Liqa tərəfindən hələ rəsmi şəkildə açıqlanmayıb.

MSNews.az xəbər verir ki, “The Athletic”in məlumatına istinadən müstəqil komissiyanın 115 ittihamdan 114-nü sübuta yetirilmiş hesab etdiyini yazıb. “The Guardian”ın mənbələri də klubun ittihamların böyük əksəriyyəti üzrə təqsirli bilindiyini təsdiqləyib.

“Sky Sports” isə daha ehtiyatlı formuladan istifadə edərək müstəqil tribunalın qərara gəldiyini və ittihamların əksəriyyətinin sübuta yetirildiyinə dair məlumatlar olduğunu bildirib. Premyer Liqa prosesin özəl və məxfi xarakter daşıdığını əsas gətirərək nəticə barədə şərh vermir.

“Manchester City”nin nümayəndəsi isə iş üzrə prosesin hələ başa çatmadığını bildirib: klubun mövqeyinə görə, prosedurun “əhəmiyyətli elementləri” tamamlanmayıb və bütün proses ciddi məxfilik rejimində davam edir. Klub 2023-cü ildən bəri ittihamları rədd edir və öz mövqeyini təsdiqləyən sübutlara malik olduğunu bildirir.

İttihamlar Premyer Liqanın dördillik araşdırmasından sonra 2023-cü ilin fevralında irəli sürülüb. Onların əsas hissəsi 2009/10–2017/18 mövsümləri arasında klubun maliyyə məlumatlarının düzgün təqdim olunmaması, menecer və futbolçulara ödənişlərin tam açıqlanmaması, UEFA-nın maliyyə qaydalarına və Premyer Liqanın gəlirlilik və dayanıqlılıq tələblərinə əməl edilməməsi ilə bağlıdır. Klub, həmçinin liqanın araşdırması ilə lazımi səviyyədə əməkdaşlıq etməməkdə ittiham olunub.

İş üzrə dinləmələr 2024-cü il sentyabrın 16-dan dekabrın 6-dək Londonda üç nəfərdən ibarət müstəqil komissiya qarşısında keçirilib. İşin böyük həcmdə sənəd və mürəkkəb maliyyə məsələlərini əhatə etməsi səbəbindən qərarın hazırlanması uzun müddət çəkib.

Kluba hansı cəzanın veriləcəyi hələ müəyyən edilməyib. Premyer Liqa qaydaları müstəqil komissiyaya cərimə, xal silinməsi, kompensasiya ödənişi, oyunçu qeydiyyatına məhdudiyyət və hətta klubun liqadan xaric edilməsinin tövsiyə edilməsi daxil olmaqla geniş sanksiya imkanları verir. Sanksiyaların müəyyənləşdirilməsi üçün ayrıca mərhələnin keçirilməsi gözlənilir.

“Manchester City”nin qərardan apellyasiya verəcəyi gözlənilir. “Sky Sports”un məlumatına görə, tərəflər qərardan sonra 14 gün ərzində apellyasiya müraciəti edə bilərlər. Apellyasiya prosesi də qapalı və məxfi keçiriləcək.