“Qarabağ” UEFA Avropa Liqasının I təsnifat mərhələsində mübarizəyə inamlı qələbə ilə başlayıb.
MSNews.az xəbər verir ki, Ağdam təmsilçisi ilk oyunda İslandiyanın “Vestri” klubunu 3:0 hesabı ilə məğlub edib. Qarşılaşma Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib. Görüşü Moldovadan olan hakim Roman Jitar idarə edib.
Matçda hesab 29-cu dəqiqədə açılıb. “Qarabağ”ın yeni transferi Zakariya Savo başla dəqiq zərbə endirərək Azərbaycan təmsilçisini önə keçirib. Birinci hissəyə əlavə olunmuş vaxtda — 45+2-ci dəqiqədə Abdullah Zubir rəqib müdafiəsinin səhvindən yararlanaraq fərqi iki topa çatdırıb.
Qarşılaşmada son nöqtəni 86-cı dəqiqədə Renaldo Sefas qoyub. Sürətli əks-hücum zamanı Zakariya Savo müdafiənin arxasına keçərək topu yamaykalı legionerə ötürüb, Sefas isə fürsəti dəqiq tamamlayaraq hesabı 3:0 edib.
Bu nəticə ilə Qurban Qurbanovun komandası cavab görüşü öncəsi ciddi üstünlük qazanıb. “Qafqazinfo”nun məlumatına görə, komandalar arasında cavab oyunu iyulun 17-də İslandiyada keçiriləcək.
Cütün qalibi Avropa Liqasının II təsnifat mərhələsində SSKA Sofiya — “Derri Siti” cütünün qalibi ilə qarşılaşacaq. Məğlub komanda isə mübarizəni Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirəcək.