Husilər Səudiyyə neft tankerini vurduqlarını açıqlayıb

Yəməndəki husilər Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus “NCC Ghazal” neft tankerini ballistik raketlərlə vurduqlarını bildiriblər. Gəminin zərbədən sonra geri dönərək limana istiqamətləndiyi qeyd olunur.

6

Yəmənin böyük hissəsinə nəzarət edən “Ənsar Allah” hərəkatı Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus “NCC Ghazal” neft tankerinə hücum etdiyini açıqlayıb.

MSNews.az xəbər verir ki, husilərin hərbi nümayəndəsi Yəhya Səri əməliyyat zamanı gəminin bir neçə ballistik raketlə hədəfə alındığını bildirib.

Onun iddiasına görə, tanker husilərin Səudiyyə Ərəbistanının neft sənayesinə qarşı elan etdiyi “dəniz blokadası”nı pozub və əvvəlcədən edilən xəbərdarlıqlara məhəl qoymayıb.

Yəhya Səri raket zərbələrindən sonra tankerin hərəkət istiqamətini dəyişərək geri çəkilməyə məcbur olduğunu söyləyib. Hücumun gəmidə insan itkisinə və ya ciddi yanğına səbəb olub-olmadığı barədə məlumat verməyib.

“The Maritime Executive”⁠ dəniz təhlükəsizliyi üzrə “EOS Risk Group” şirkətinin analitiki Martin Kelliyə istinadən 50 min ton dedveytə malik neft məhsulları tankerinin gəmi əleyhinə raketlərlə vurulduğunu yazıb. Məlumata görə, “NCC Ghazal” hücumdan sonra geri dönərək əvvəl çıxdığı limana istiqamətlənib.⁠

“Əl-Cəzirə”⁠ də husilərin tankerə raket hücumu ilə bağlı məsuliyyəti üzərinə götürdüyünü bildirib. Nəşr hadisənin qruplaşmanın Səudiyyə neft daşımalarına qarşı elan etdiyi dəniz blokadası fonunda baş verdiyini qeyd edib.⁠

Səudiyyə Ərəbistanı hakimiyyəti və tankeri idarə edən şirkət gəminin aldığı zərərin miqyası, ekipajın vəziyyəti və daşınan yük barədə hələlik ətraflı açıqlama verməyib. Hücumun bütün təfərrüatları müstəqil şəkildə təsdiqlənməyib.

Husilər iyulun 20-də Səudiyyə Ərəbistanının Qırmızı dənizdəki neft fəaliyyətinə qarşı blokada elan etmişdilər. Qruplaşma bundan bir neçə gün sonra “Encelia” və “Layla” adlı iki Səudiyyə tankerini də raket və pilotsuz uçuş aparatları ilə hədəfə aldığını bildirmişdi. “Encelia” tankerində yanğın baş verdiyi, lakin ekipaj üzvlərinin xəsarət almadığı Səudiyyə mənbələri tərəfindən təsdiqlənmişdi.

Husilərin Səudiyyə neft obyektləri və tankerlərinə hücumlarını genişləndirməsi Qırmızı dənizdə kommersiya gəmiçiliyi və qlobal enerji daşımaları üçün təhlükəsizlik risklərini artırır.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.