Yəməndəki husilər hərəkatı Səudiyyə Ərəbistanına hərbi dəstək verəcəkləri təqdirdə Türkiyə və Pakistana qarşı zərbələr endirəcəyi barədə xəbərdarlıq edib. Hərəkatın Siyasi Bürosunun üzvü Məhəmməd əl-Buxeyti hər iki ölkənin Yəməndəki hərbi münaqişəyə qoşulacağı halda sərt cavabla üzləşəcəyini bildirib.
MSNews.az xəbər verir ki, bu barədə “The Express Tribune” nəşri məlumat yayıb.
Məhəmməd əl-Buxeyti İraq televiziyasına müsahibəsində Türkiyə və Pakistanın Səudiyyə Ərəbistanının tərəfində hərbi əməliyyatlara qoşulması ehtimalına münasibət bildirib.
“And olsun Allaha, Türkiyə və Pakistan münaqişəyə qoşularsa, onlara dəmir yumruqla zərbə endirəcəyik”, – deyə hərəkatın nümayəndəsi xəbərdarlıq edib.
O, husilərin Səudiyyə Ərəbistanına qarşı həyata keçirdikləri hərbi əməliyyatlara toxunaraq Türkiyə və Pakistana da eyni şəkildə cavab veriləcəyini vurğulayıb.
Açıqlama Türkiyənin xarici işlər naziri Hakan Fidanın Səudiyyə Ərəbistanına mümkün hərbi dəstəklə bağlı bəyanatı fonunda səsləndirilib.
“Reuters” agentliyinin məlumatına görə, Fidan sentyabrın 19-da NTV telekanalına müsahibəsində Türkiyənin Səudiyyə Ərəbistanının hərbi ehtiyaclarını qarşılamağa hazır olduğunu bildirib.
Nazir qeyd edib ki, husilərin hücumları fonunda Səudiyyə Ərəbistanının xüsusilə hərbi-texniki sahədə əlavə yardıma ehtiyacı yarana bilər və Ankara bu ehtiyacların qarşılanmasında problem görmür.
Qeyd edək ki, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış Məkkə Birgə Müdafiə Sazişi tərəflərdən birinə silahlı hücumu digər iştirakçılara qarşı hücum kimi qiymətləndirir.
Bununla belə, Türkiyə və Pakistanın Yəməndə husilərə qarşı birbaşa hərbi əməliyyatlara qoşulması barədə qərar açıqlanmayıb. Hakan Fidanın bəyanatı da Türkiyə qoşunlarının Yəmənə göndəriləcəyini nəzərdə tutmur.