Amerikalı siyasi analitik və keçmiş Pentaqon əməkdaşı Maykl Rubin Rusiyanın NATO ölkələrinə qarşı müharibəni genişləndirəcəyi təqdirdə, münaqişədən sonra ölkənin 4-5 ayrı dövlətə bölünməsinin nəzərdən keçirilməsini təklif edib.
MSNews.az xəbər verir ki, Rubin bu fikirləri sentyabrın 8-də “19FortyFive” nəşrində dərc olunan müəllif məqaləsində irəli sürüb.
Rubin mümkün Rusiya-NATO müharibəsinin necə inkişaf edə biləcəyini təsvir edərkən taktiki nüvə silahlarının istifadəsini də ssenarilərdən biri kimi göstərib. Onun fikrincə, Moskva genişmiqyaslı qarşıdurmada adi qüvvələrlə üstünlük əldə edə bilmədiyi halda Polşadakı hədəflərə məhdud nüvə zərbəsi endirməyə cəhd göstərə bilər. O, Varşava və ya Rzeşuv kimi əraziləri hipotetik nümunə kimi çəkir.
Məqalənin ən radikal hissəsində Rubin mümkün müharibədən sonra Rusiya Federasiyasının mövcud formada saxlanılmamasını təklif edir. Onun fikrincə, Finlandiya, Polşa, Ukrayna və Yaponiya vaxtilə Rusiya tərəfindən ələ keçirildiyini hesab etdiyi bəzi əraziləri geri ala, Rusiya isə daha sonra dörd və ya beş ayrı dövlətə bölünə bilər. Müəllif konkret yeni sərhədləri və ya həmin dövlətlərin strukturunu göstərmir.
Rubin bunu Avstriya-Macarıstan imperiyasının parçalanması ilə müqayisə edir və Rusiyanın bir neçə dövlətə bölünməsinin tarixi baxımdan presedentsiz olmayacağını iddia edir. Eyni zamanda, o, yeni yaranacaq dövlətlərə, xüsusilə Sibirin resurslarla zəngin ərazilərinə görə, Çin və digər ölkələrin mümkün təzyiqlərindən müdafiə üçün beynəlxalq təhlükəsizlik zəmanətləri verilməsini təklif edir.
Maykl Rubin hazırda “Middle East Forum”-da siyasət təhlili direktoru kimi çalışır. O, əvvəllər Pentaqonda fəaliyyət göstərib və uzun illər Amerika Müəssisələr İnstitutunda ekspert olub.
Qeyd edək ki, Rubinin bu mövqeyi yeni deyil. O, 2025-ci ilin dekabrında da “19FortyFive” üçün yazdığı məqalədə uzunmüddətli sülh üçün Rusiyanın parçalanmasını müdafiə etmişdi.