Gürcüstanda beş müxalifət partiyasının fəaliyyətinin qadağan edilməsi ilə bağlı məhkəmə prosesi başlayır. Hakim “Gürcü Arzusu” partiyasının təşəbbüsü əsasında Konstitusiya Məhkəməsi oktyabrın 21-də Batumidə müxalif siyasi təşkilatların fəaliyyətinin qanuniliyini araşdıracaq. Müxalifət isə prosesi ölkədə siyasi rəqabətin məhdudlaşdırılması cəhdi kimi qiymətləndirir.
MSNews.az xəbər verir ki, Gürcüstan Konstitusiya Məhkəməsi müvafiq iddia üzrə dinləmələri oktyabrın 21, 22 və 23-nə təyin edib.
Gürcüstanın “Civil Georgia” nəşrinin məlumatına görə, hakim partiya beş müxalifət siyasi təşkilatının fəaliyyətinin konstitusiyaya zidd elan olunmasını və onların qeydiyyatının ləğv edilməsini tələb edir.
Qadağan edilməsi tələb olunan siyasi qüvvələr bunlardır:
-
“Vahid Milli Hərəkat” (UNM) – keçmiş Prezident Mixeil Saakaşvilinin yaratdığı siyasi hərəkat;
-
“Dəyişikliklər naminə Koalisiya” – müxalif siyasi qüvvələrin birliyi;
-
“Güclü Gürcüstan – Lelo” – müxalifət koalisiyası;
-
“Federalistlər” – müxalif siyasi partiya;
-
“Gürcüstan naminə” – keçmiş Baş nazir Giorgi Qaxariyanın partiyası.
Gürcüstan Konstitusiya Məhkəməsinin rəsmi məlumatına əsasən, iddia parlamentin 88 deputatı tərəfindən təqdim olunub.
Sentyabrın 24-də qeydə alınmış müraciət oktyabrın 9-da mahiyyəti üzrə baxılmağa qəbul edilib.
Müxalifət isə bu ittihamları rədd edərək məhkəmə prosesinin siyasi motivli olduğunu bildirir. Müxalifət nümayəndələrinin fikrincə, hakim partiyanın məqsədi növbəti seçkilər ərəfəsində rəqiblərini siyasi proseslərdən kənarlaşdırmaqdır.
“Vahid Milli Hərəkat”ın siyasi şurasının sədri İrakli Pavlenişvili məhkəmə prosesini Gürcüstanın siyasi gələcəyi üçün mühüm mərhələ adlandırıb. O, partiyasının məhkəmə dinləmələrində iştirak edəcəyini və digər müxalifət qüvvələri ilə əməkdaşlıq edəcəyini açıqlayıb.
Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyasının qiymətləndirməsinə görə, mümkün qadağa 2024-cü il parlament seçkilərində adıçəkilən siyasi qüvvələrə səs vermiş təxminən 800 min seçicinin siyasi təmsilçiliyi ilə bağlı ciddi suallar yarada bilər. Məsələ beynəlxalq səviyyədə də narahatlıq doğurub. Avropa Parlamenti oktyabrın 8-də Gürcüstanda müxalifət partiyalarının qadağan edilməsi cəhdləri ilə bağlı qətnamə qəbul edib. Bəzi avropalı deputatlar bu təşəbbüsün ölkədə siyasi plüralizmə təhlükə yaratdığını bildiriblər.
Hakim “Gürcü Arzusu” partiyasının nümayəndələri isə Avropa Parlamentinin tənqidlərini Gürcüstanın daxili işlərinə müdaxilə kimi qiymətləndiriblər.