Finlandiya rusiyalıların ölkəyə girişinə yeni qadağalar hazırlayır

Finlandiya Rusiya vətəndaşlarının ölkəyə girişini daha da məhdudlaşdırmağa hazırlaşır. Yeni tədbirlər xüsusilə rusiyalı peşəkar idmançıları əhatə edə bilər.

29

Finlandiya hökuməti Rusiya vətəndaşlarının ölkəyə girişinə əlavə məhdudiyyətlər tətbiq etməyə hazırlaşır. Yeni tədbirlərin xüsusilə rusiyalı peşəkar idmançıların Finlandiyaya buraxılmasının qarşısını almağa yönələcəyi bildirilir.

MSNews.az xəbər verir ki, bu barədə Finlandiyanın xarici işlər naziri Elina Valtonen noyabrın 6-da açıqlama verib.

Nazir bildirib ki, Prezident Aleksandr Stubb və hökumətin Xarici və Təhlükəsizlik Siyasəti Komitəsi rusiyalıların ölkəyə girişini müzakirə ediblər.

“Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarının Finlandiyaya girişini tənzimləyən hökumət qərarına dəyişiklik edilməsi barədə təklifi təcili qaydada hazırlayır”, – deyə Valtonen bildirib.

Finlandiyanın ictimai yayımçısı “Yle” məlumat verir ki, Baş nazir Petteri Orpo yeni məhdudiyyətlərin rusiyalı peşəkar idmançılara da şamil edilməsinin nəzərdə tutulduğunu açıqlayıb.

Orpo xatırladıb ki, 2022-ci ildən etibarən Rusiya vətəndaşlarının Finlandiyaya girişinə məhdudiyyətlər tətbiq edilir, o cümlədən turizm məqsədilə viza verilməsi məhdudlaşdırılıb.

Baş nazirin sözlərinə görə, yeni qaydalar qısa müddətdə hazırlanacaq. Finlandiya hökuməti analoji məhdudiyyətlərin bütün Avropa İttifaqı səviyyəsində tətbiqinə də çalışır.

“Helsinki Times” yazır ki, təşəbbüs Finlandiyada rusiyalı idmançıların iştirakı ilə beynəlxalq yarışların keçirilməsi ərəfəsində gündəmə gəlib.

Yeni məhdudiyyətlər hələ qüvvəyə minməyib. Onların dəqiq tətbiq tarixi və hansı kateqoriyadan olan Rusiya vətəndaşlarını əhatə edəcəyi yekun qərardan sonra məlum olacaq.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti