Avropa İttifaqında blokun diplomatik xidməti olan EEAS-in gələcəyi ilə bağlı ciddi islahat müzakirələri aparılır.
MSNews.az xəbər verir ki, “Financial Times”ın məlumatına görə, Fransa və Almaniya daxil olmaqla bir sıra Aİ ölkələri Avropa Xarici Fəaliyyət Xidmətinin yenidən təşkilini nəzərdən keçirir. Müzakirələrin əsas səbəbi qurumun geosiyasi böhranlara çevik reaksiya verə bilməməsi, səlahiyyətlərin təkrarlanması və üzv dövlətlərlə koordinasiya problemləridir.
Nəşrin yazdığına görə, müzakirə edilən təkliflər arasında Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasın bəzi səlahiyyətlərinin məhdudlaşdırılması və həmin funksiyaların Avropa Komissiyası ilə üzv dövlətlər arasında yenidən bölüşdürülməsi də var. Xüsusilə, EEAS-in 140-dan çox nümayəndəlik üzərindəki nəzarətinin zəiflədilməsi variantı gündəmə gətirilir.
“Anadolu Agentliyi” də “Financial Times”a istinadən yazır ki, islahatlar sanksiyaların hazırlanması, hərbi təşəbbüslər və diplomatik nümayəndəliklərin idarə olunması kimi sahələrdə səlahiyyət bölgüsünü dəyişə bilər. Bununla belə, hələlik yekun qərar qəbul olunmayıb.
Eyni zamanda, “Reuters” Fransanın daxili sənədinə istinadən fərqli məqamı qeyd edir. Agentliyin məlumatına görə, Parisin təqdim etdiyi variantlardan biri Kallasın rolunun azaldılmasını deyil, əksinə onun Avropa Komissiyasında daha güclü koordinasiya səlahiyyətləri ilə təmin olunmasını nəzərdə tutur.
Kallas isə müzakirələri alqışladığını bildirib və Aİ institutları arasında xarici siyasət sahəsində uzun müddətdir koordinasiya problemlərinin mövcud olduğunu etiraf edib. Onun sözlərinə görə, əsas məqsəd Avropa İttifaqının beynəlxalq arenada daha effektiv və vahid mövqedən çıxış etməsinə nail olmaqdır.
Qeyd edək ki, “EEAS” Avropa İttifaqının diplomatik xidməti kimi 2010-cu ildən fəaliyyət göstərir və Aİ-nin xarici və təhlükəsizlik siyasətinin icrasında əsas qurumlardan biri sayılır. Hazırkı müzakirələr qurumun tam ləğvi barədə qərar deyil, onun strukturunun və səlahiyyət bölgüsünün yenidən nəzərdən keçirilməsi kimi qiymətləndirilir.