Dutertenin azadlığa buraxılması tələbi rədd edildi

Beynəlxalq Cinayət Məhkəməsi Rodriqo Dutertenin azadlığa buraxılması və işin bağlanması tələblərini rədd edib. Məhkəmə iş üzrə yurisdiksiyasını qüvvədə saxlayıb.

10

Beynəlxalq Cinayət Məhkəməsinin apellyasiya hakimləri Filippinin sabiq prezidenti Rodriqo Duterte ilə bağlı mühüm qərar verib.

“Reuters”-in məlumatına görə, məhkəmə Dutertenin dərhal azadlığa buraxılması və işin BCM-nin yurisdiksiyasından çıxarılması tələblərini rədd edib.

Hakimlər qərarında bildiriblər ki, Filippin 2018-ci ildə Beynəlxalq Cinayət Məhkəməsindən çıxsa da, ilkin araşdırma bu addımdan əvvəl başladığı üçün məhkəmənin iş üzrə yurisdiksiyası qüvvədə qalır. Beləliklə, Duterteyə qarşı proses davam etdiriləcək.

Rodriqo Duterte 2025-ci ilin martında həbs olunaraq Haaqaya aparılıb və o vaxtdan etibarən BCM-nin nəzarətində saxlanılır. Prokurorluq onu 2016–2022-ci illərdə prezident olduğu dövrdə narkotiklərlə mübarizə kampaniyası çərçivəsində minlərlə insanın öldürülməsində əsas fiqur olmaqda ittiham edir. Prokurorların versiyasına görə, Duterte şübhəli narkotik satıcıları və istifadəçilərini hədəf alan ölüm dəstələrinin yaradılması, maliyyələşdirilməsi və silahlandırılmasında rol oynayıb.

Duterte isə uzun müddətdir bu ittihamları rədd edir. O, polisi yalnız özünümüdafiə hallarında güc tətbiq etməyə çağırdığını bildirib və sərt antinarkotik kampaniyasını daim müdafiə edib.

Qərar Filippində narkotik müharibəsi qurbanlarının ailələri tərəfindən alqışla qarşılanıb. Məhkəmə qərarı canlı yayımla izlənilərkən zərərçəkən ailələri bunu ədalət yolunda mühüm addım kimi qiymətləndirib.