BCM Kərim Xanı prokuror vəzifəsindən uzaqlaşdırdı

Beynəlxalq Cinayət Məhkəməsinə üzv dövlətlər cinsi xarakterli qanunsuz davranış ittihamlarından sonra baş prokuror Kərim Xanın vəzifədən uzaqlaşdırılmasına səs veriblər. Xan ittihamları rədd edir.

17

Beynəlxalq Cinayət Məhkəməsinə üzv dövlətlər qurumun baş prokuroru Kərim Xanın vəzifədən uzaqlaşdırılmasına səs veriblər.

MSNews.az xəbər verir ki, qərar iyulun 24-də Nyu-Yorkda keçirilmiş qapalı iclasda qəbul olunub. “Reuters” diplomatik mənbələrə istinadən yazır ki, məhkəmənin 125 üzv dövlətindən 82-si Xanın vəzifədən kənarlaşdırılmasının lehinə səs verib. Kərim Xan ona qarşı irəli sürülmüş ittihamları rədd edir.

Beynəlxalq Cinayət Məhkəməsinin Prokurorluğu qərarla bağlı açıqlamasında üzv dövlətlərin Xanın “ciddi qanunsuz davranışa və vəzifələrinin ciddi şəkildə pozulmasına” yol verdiyi qənaətinə gəldiyini bildirib. Bununla da o, prokuror vəzifəsindən rəsmən uzaqlaşdırılıb.

“Associated Press” bildirir ki, ittihamlar Xanın tabeliyində çalışmış qadın əməkdaşla bağlıdır. İddiaya əsasən, prokuror əməkdaşa qarşı cinsi xarakterli qeyri-münasib davranışlara yol verib və onun şikayət etməsinə mane olmağa çalışıb. Xan isə ittihamları qəti şəkildə qəbul etmir.

Xanın vəkilləri qərarın qəbul olunduğu proseduru ədalətsiz adlandırıblar. Müdafiə tərəfinin sözlərinə görə, ona iclasda mövqeyini təqdim etmək üçün lazımi imkan verilməyib. Vəkillər qərara mövcud hüquqi mexanizmlər vasitəsilə etiraz edəcəklərini açıqlayıblar.

“The Guardian” yazır ki, 13 dövlət Xanın uzaqlaşdırılmasının əleyhinə səs verib, 11 dövlət isə bitərəf qalıb. Nəşr bunu fəaliyyətdə olan BƏM prokurorunun üzv dövlətlərin səsverməsi ilə vəzifədən kənarlaşdırıldığı ilk hal kimi təqdim edir.

Britaniyalı hüquqşünas Kərim Xan 2021-ci ildə doqquzillik müddətə Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru seçilmişdi. O, 2025-ci ilin mayından araşdırmanın nəticəsi açıqlananadək məzuniyyətdə idi və Prokurorluğun fəaliyyətinə onun iki müavini rəhbərlik edirdi.

Qərardan sonra BƏM-in yeni baş prokurorunun seçilməsi prosesi başlanacaq. Xanın vəzifədən uzaqlaşdırılması məhkəmənin daha əvvəl verdiyi həbs orderlərini, o cümlədən Rusiya və İsrail rəsmiləri ilə bağlı qərarları avtomatik ləğv etmir. Bu qərarlar yalnız məhkəmə hakimləri tərəfindən dəyişdirilə və ya geri götürülə bilər.