Cənubi Koreya Prezidentinə “Call of Duty” oynamaq çağırışı

Cənubi Koreyalı deputat Xan Don Hun Prezident Li Ce Myuna “Call of Duty: Modern Warfare 4” oyununu oynamağı tövsiyə edib. Şimali Koreyanın hücumunu təsvir edən oyun ölkədə siyasi müzakirələr yaradıb.

78

Cənubi Koreyada məşhur “Call of Duty: Modern Warfare 4” kompüter oyunu siyasi mübahisələrə səbəb olub. Ölkənin mühafizəkar deputatı Xan Don Hun Prezident Li Ce Myunu oyunu şəxsən sınamağa çağıraraq Şimali Koreyanın mümkün hərbi hücumunun nəticələrini daha yaxşı anlamağı tövsiyə edib.

MSNews.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “The Korea Herald” nəşri məlumat yayıb.

Oktyabrın 23-də satışa çıxarılan “Call of Duty: Modern Warfare 4” oyununda hadisələr Şimali Koreyanın Cənubi Koreyaya qəfil genişmiqyaslı hücumu ətrafında cərəyan edir.

Oyunun əsas personajlarından biri Cənubi Koreya ordusunun hərbi qulluqçusu Pak Hyun Cundur. Oyunçular onun vasitəsilə Şimali Koreya qüvvələrinə qarşı döyüşlərdə iştirak edirlər.

Süjetdə Seulun mərkəzində küçə döyüşləri, dağıdılmış şəhər mənzərələri və Şimali Koreya rəhbərliyinin kompleksinə hücum əməliyyatı təsvir olunur.

Həmin kompleksin Pxenyandakı Kımsusan Günəş Sarayını xatırlatdığı bildirilir.

Əvvəllər hakimiyyətin əsas müxalif qüvvələrindən olan “Xalqın Gücü” Partiyasının üzvü kimi fəaliyyət göstərmiş müstəqil deputat Xan Don Hun oktyabrın 23-də sosial şəbəkədə paylaşım edərək Prezident Li Ce Myuna müraciət edib.

“Prezidentə bu oyunu şəxsən oynamağı və müdafiə hazırlığı kifayət etmədikdə hansı dağıntıların baş verə biləcəyini hiss etməyi tövsiyə edirəm”, – deyə deputat bildirib.

O, oyunun uydurma hadisələrə əsaslandığını qəbul etsə də, Koreya yarımadasındakı hərbi təhlükələrin nəzərə alınmasının vacibliyini vurğulayıb.

“Ümid edirəm ki, oyunda külə çevrilmiş Seul mənzərəsi yalnız fantastika olaraq qalacaq”, – deyə Xan Don Hun əlavə edib.

Deputat Şimali Koreyanın 25 iyun 1950-ci ildə Cənubi Koreyaya hücum etdiyini xatırladıb.

Onun sözlərinə görə, yeni oyunun Şimali Koreyaya qarşı düşmənçilik yaratmasından narahat olmaq əvəzinə, onun ortaya qoyduğu təhlükəsizlik suallarına diqqət yetirilməlidir.

Xan Don Hun Prezident Li Ce Myunun Şimali Koreya ilə münasibətlərə yanaşmasını tənqid edərək ölkənin mümkün hərbi təhdidlərə hazırlığının gücləndirilməsinə çağırıb.

“Sülh qarşı tərəfin xoş niyyətinə dair qeyri-müəyyən ümidlə qoruna bilməz. Ən pis ssenariyə hazır olmaq lazımdır”, – deyə siyasətçi bildirib.

Activision şirkətinin yayımladığı oyun Şimali Koreyanın hücumundan başlayan hərbi qarşıdurmanı və müxtəlif ölkələrdə keçirilən əməliyyatları təsvir edir.

Oyunun süjeti Cənubi Koreyada birmənalı qarşılanmayıb.

Bəzi siyasətçilər və oyunçular onun təhlükəsizlik məsələlərinə diqqət çəkdiyini düşünürlər. Digərləri isə Koreya yarımadasındakı real hərbi gərginliyin kommersiya məqsədli videooyunda təsvirinin iki ölkə arasında düşmənçiliyi artıra biləcəyindən narahatdırlar.

“The Korea Herald”ın məlumatına görə, oyunla bağlı mübahisələr Cənubi Koreya hökumətinin Şimali Koreyaya münasibətini də siyasi gündəmə gətirib.

Hələlik Prezident Li Ce Myunun deputatın çağırışına cavab verdiyi barədə məlumat yoxdur.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti