Paşinyan İsrailin 1915-ci il qərarına reaksiya verməyəcək

Ermənistanın baş naziri Nikol Paşinyan İsrail hökumətinin 1915-ci il hadisələri ilə bağlı qərarına rəsmi reaksiya verməyə ehtiyac görmədiklərini bildirib.

13

Ermənistanın baş naziri Nikol Paşinyan İsrail hökumətinin 1915-ci il hadisələri ilə bağlı qərarına rəsmi reaksiya verməyə ehtiyac görmədiklərini bildirib.

MSNews.az xəbər verir ki, Paşinyan jurnalistlərin İsrail hökumətinin qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı addımı barədə sualını cavablandırarkən bu mövqeyi səsləndirib.

“Armenpress”in məlumatına görə, Ermənistanın baş naziri deyib ki, rəsmi İrəvan bu məsələ ilə bağlı ayrıca reaksiya verməyi zəruri hesab etmir.

“Biz hər hansı reaksiyaya ehtiyac görmürük, çünki hesab edirik ki, erməni soyqırımı mövzusunun silaha çevrilməsi prosesində iştirak etməmək Ermənistan Respublikasının maraqlarından irəli gəlir”, – Paşinyan bildirib.

“News.am” yazır ki, Paşinyana sual İsrailin qərarına Bakı və Ankaradan gələn sərt reaksiyalar fonunda ünvanlanıb. Baş nazir isə mövzunun siyasiləşdirilməməsinin Ermənistanın dövlət maraqlarına uyğun olduğunu vurğulayıb.

İsrail hökuməti iyunun 28-də xarici işlər naziri Gideon Saarın təqdim etdiyi layihəni yekdilliklə dəstəkləyib. Layihə 1915-ci il hadisələrinin “soyqırımı” kimi tanınmasını nəzərdə tutur.

“Associated Press”in məlumatına görə, İsrail Nazirlər Kabinetinin qərarı hələ parlament — Knesset tərəfindən də təsdiqlənməlidir. Agentlik yazır ki, bu addım İsrail-Türkiyə münasibətlərinin son illərdə pisləşməsi fonunda gündəmə gəlib.

İsrailin xarici işlər naziri Gideon Saar qərarı “mənəvi və tarixi borc” adlandırıb. “The Times of Israel”in məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu da layihəni dəstəklədiyini bildirib.

Türkiyə İsrail hökumətinin addımını siyasi motivli qərar kimi qiymətləndirərək pisləyib. Azərbaycan Xarici İşlər Nazirliyi də 1915-ci il hadisələrinin siyasiləşdirilməsini qəbuledilməz sayıb və İsrail hökumətini qərarı yenidən nəzərdən keçirməyə çağırıb.

Paşinyanın açıqlaması isə göstərir ki, rəsmi İrəvan bu dəfə məsələni diplomatik kampaniya kimi qabartmaqdan çəkinir. Ermənistan rəhbərliyi mövzunun regional və beynəlxalq siyasətdə alətə çevrilməsinin ölkənin maraqlarına uyğun olmadığını bildirir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Xəbər lenti