Katolik Kilsəsinin ilk türk yepiskopu: Antuan İlgit kimdir?

Katolik Kilsəsinin ilk türkəsilli yepiskopu Antuan İlgit “Caritas Türkiyə” humanitar yardım təşkilatının yeni prezidenti seçilib. Almaniyada türk ailəsində doğulan din xadimi uşaqlıq və gənclik illərini Türkiyədə keçirib.

12

Katolik Kilsəsinin ilk türkəsilli yepiskopu kimi tanınan Antuan İlgit “Caritas Türkiyə” humanitar yardım təşkilatının yeni prezidenti seçilib. Almaniyada türk ailəsində dünyaya gələn din xadiminin təyinatı Türkiyədə diqqət çəkib.

MSNews.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber365” nəşri məlumat yayıb. Təyinat Türkiyə Katolik Yepiskopları Konfransı tərəfindən də təsdiqlənib.

Konfransın baş katibi Ceki Doyenin açıqlamasına əsasən, Antuan İlgit oktyabrın 17-də Fransada vəfat edən Sabri Anarın yerinə seçilib. Yeni rəhbər Katolik Kilsəsinin Türkiyədə həyata keçirdiyi humanitar yardım və sosial dəstək fəaliyyətlərinə başçılıq edəcək.

Bəs Antuan İlgit kimdir?

Antuan İlgit 22 iyun 1972-ci ildə Almaniyanın Hersbruk şəhərində türk mühacir ailəsində anadan olub. Ailəsi ilə Türkiyəyə köçdükdən sonra uşaqlıq və gənclik illərini Mersində keçirib.

Ankarada Qazi Universitetində dövlət idarəçiliyi üzrə təhsil alan İlgit sonradan dini fəaliyyətə başlayıb. O, 2010-cu ildə Romada keşiş, 2023-cü ildə isə yepiskop təyin edilib.

İlgit əxlaq teologiyası, bioetika və dinlərarası dialoq sahələrində fəaliyyət göstərib. Hazırda Anadolunun Apostol Administrasiyasına da rəhbərlik edir.

Qeyd edək ki, “Caritas” Katolik Kilsəsinin beynəlxalq humanitar yardım şəbəkəsidir. Təşkilatın Türkiyə bölməsi ehtiyac içində olan insanlara sosial və humanitar dəstək göstərir.