Bakıda iş saatları dəyişə bilər

Bakıda nəqliyyat sıxlığını azaltmaq üçün dəyişkən iş qrafikinin mərhələli tətbiqi gündəmdədir. Deputat Vüqar Bayramov bildirib ki, fərqli işə başlama saatları pik vaxtlarda yüklənməni azalda bilər.

18

Bakıda nəqliyyat sıxlığını azaltmaq üçün dəyişkən iş qrafikinin mərhələli tətbiqi gündəmə gəlib.

MSNews.az xəbər verir ki, deputat Vüqar Bayramov açıqlamasında bildirib ki, fərqli işə başlama saatları nəqliyyat yüklənməsini bölüşdürür və səhər-axşam pik saatlarda sıxlığı azaldır.

Onun sözlərinə görə, Avropa təcrübəsi göstərir ki, dəyişkən iş qrafiki yol-nəqliyyat sıxlığının azalmasına, ictimai nəqliyyatda yüklənmənin daha bərabər paylanmasına, işçi məhsuldarlığının artmasına və şəhər infrastrukturuna düşən təzyiqin azalmasına təsir edir.

Deputat qeyd edib ki, bu modelə əsasən, bütün müəssisələr eyni saatda fəaliyyətə başlamayacaq. Nəticədə işə gediş-gəliş saatlarında nəqliyyat axını daha geniş zaman intervalına bölünə bilər.

APA” daha əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən yazmışdı ki, Bakıda dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı tədbirlər planının hazırlanmasına başlanılıb. Məlumata görə, 2025–2030-cu illər üçün Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramında dövlət qurumları, təhsil və tibb müəssisələri, eləcə də digər hüquqi və fiziki şəxslər üçün çevik iş qrafikinin təşkili nəzərdə tutulur.

Azərbaycan Prezidentinin rəsmi saytında dərc olunan sərəncama əsasən, Dövlət Proqramı 2025–2030-cu illərdə Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasını hədəfləyir.

Vüqar Bayramov vurğulayıb ki, dəyişkən iş qrafiki tıxac problemini tam aradan qaldırmaq üçün deyil, onu azaltmaq üçün tətbiq olunur. Onun sözlərinə görə, nəqliyyat sıxlığının ciddi şəkildə azaldılması infrastrukturun genişləndirilməsi və əlavə dolayı tədbirlərin icrası ilə birbaşa bağlıdır.