Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Bakıda Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. Görüşdə iki ölkə arasında münasibətlərin inkişafı, əməkdaşlığın genişləndirilməsi və hökumətlərarası komissiyanın fəaliyyəti müzakirə olunub.
MSNews.az xəbər verir ki, görüş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən VII Zirvə Görüşü çərçivəsində baş tutub.
Prezident İlham Əliyev Qətər Əmirinə sammitdə iştirakına görə minnətdarlığını bildirib. Dövlət başçısı tədbirin AQEM-ə üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Şeyx Təmim bin Həməd Al Tani səmimi qəbula görə Prezident İlham Əliyevə təşəkkür edib. Qətər Əmiri AQEM-in VII Zirvə Görüşünün yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malik olduğunu bildirib.
O, Bakıda müşahidə etdiyi inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını qeyd edib.Qətər Əmiri Azərbaycanın paytaxtında baş verən dəyişiklikləri yüksək qiymətləndirib.
Görüşdə iki ölkə arasında mövcud əlaqələrin inkişafından məmnunluq ifadə edilib. Prezident İlham Əliyev və Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan-Qətər münasibətlərinin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edərək hökumətlərarası komissiyanın fəaliyyətinə də toxunublar. Komissiyanın fəaliyyəti iki ölkə arasında əməkdaşlıq məsələlərinin əlaqələndirilməsi baxımından görüşün əsas mövzularından biri olub.



