Azərbaycan Televiziyasında genişmiqyaslı struktur və brend dəyişikliyinin planlaşdırıldığı, mövcud İdman TV və Mədəniyyət TV-nin hazırkı formatda fəaliyyətinə son verilərək AzTV adı altında yeni tematik kanalların yaradıla biləcəyi barədə məlumat yayılıb.
MSNews.az-ın əldə etdiyi ilkin məlumata əsasən, mümkün yenilənmə vahid AzTV brendi altında çoxkanallı sistemin formalaşdırılmasını nəzərdə tutur. Konsepsiya Türkiyənin TRT modelinə bənzər şəkildə müxtəlif auditoriyalara ayrıca tematik kanallar təqdim edə bilər.
Müzakirə olunan modelə əsasən, AzTV 1 əsasən siyasi, ictimai və informasiya proqramlarına fokuslana, AzTV 2 musiqi, əyləncə, mədəniyyət və şou layihələrini yayımlaya bilər. Bundan əlavə, idman məzmununun AzTV Sport, uşaqlar üçün proqramların AzTV Uşaq, Azərbaycanın tarixi və milli-mədəni irsinə həsr olunan layihələrin isə AzTV İrs brendi altında təqdim olunması nəzərdə tutula bilər.
Bununla belə, bu dəyişikliklər hələ rəsmi şəkildə elan edilməyib. AzTV-nin hazırkı rəsmi məlumatlarında qurumun strukturunda Azərbaycan Televiziyası, İdman TV, Mədəniyyət TV, Azərbaycan Radiosu və Beynəlxalq Radio göstərilir.
Nazirlər Kabinetinin 2024-cü ildə təsdiqlədiyi struktur dəyişikliyində də ayrıca “AZTV”, “Mədəniyyət TV” və “İdman TV” qurumlarının adları yer alır. Buna görə yeni kanalların yaradılması baş tutacağı təqdirdə mövcud strukturun hüquqi və təşkilati baxımdan yenilənməsi də tələb oluna bilər.
İdman TV 2009-cu ildən, Mədəniyyət TV isə 2011-ci ildən fəaliyyət göstərir. Hazırda hər iki telekanal AzTV QSC-nin tərkibində ayrıca yayımını davam etdirir.